Lvovun Lıçakovski Rayon Məhkəməsi Viktor Medvedçukun və onun həyat yoldaşı, ˝Müxalifət Platforması - Həyat Naminə˝ (OPPL) partiyasının rəhbəri Oksana Marçenkonun 154 əmlakına həbs qoyub. Bu barədə Ukrayna Dövlət Təhqiqatlar Bürosu məlumat yayıb.
Siyasətçinin ələ keçirilən əmlakları arasında 26 avtomobil, 30 torpaq sahəsi, 23 ev, 32 mənzil, 17 park yeri və bir motorlu yaxta var. Həmçinin, benefisiarları Medvedçuk və onun həyat yoldaşı olan 25 şirkətin nizamnamə kapitalındakı payları da həbs edilib.
Həbs Dövlət İstintaq Bürosunun və Ukrayna Baş Prokurorluğunun təklifi əsasında həyata keçirilib.
Bundan əvvəl “Ukrayinskaya Pravda”nın yazdığına görə, məhkəmə Medvedçuk və onun həyat yoldaşının daha bir yaxtasına və digər əmlakına həbs qoyub. Söhbət başqa şeylər arasında siyasətçinin şəxsi təyyarəsi, mənzilləri, avtomobilləri və məşhur rəssamların çəkdiyi rəsmlərdən gedir.
Viktor Medvedçuk Ukraynada ən nüfuzlu rusiyayönlü siyasətçilərdən biri hesab olunur. 2021-ci ilin mayında Ukrayna Baş Prokurorluğu Medvedçuku dövlətə xəyanətdə ittiham edib, məhkəmə onu ev dustaqlığına çıxarıb. Medvedçuk həmkarı Taras Kozak ilə birlikdə təbii sərvətlərin oğurlanması cəhdində, Rusiya xüsusi xidmət orqanlarına dövlət sirlərini açıqlamaqda və Ukrayna əleyhinə fəaliyyətdə şübhəli bilinir.
2022-ci ilin fevralında Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra siyasətçi olmalı olduğu yeri tərk edib. Medvedçukun nümayəndələri onun Kiyevdə qaldığını bildiriblər. UTX-nin məlumatına görə, Rusiya Federal Təhlükəsizlik Xidməti onu ölkədən çıxarmağa cəhd edib.
Aprelin 12-də Ukrayna prezidenti Vladimir Zelenski UTX-nin Medvedçuku saxladığını açıqlayıb. Zelenski Medvedçuku ukraynalı hərbi əsirlərlə dəyişməyi təklif edib. Kreml bildirib ki, Medvedçuk Rusiya vətəndaşı olmadığı və “xüsusi hərbi əməliyyat”la heç bir əlaqəsi olmadığı üçün siyasətçinin ukraynalı məhbuslarla dəyişdirilməsini mümkün hesab etmirlər.
Mart ayında Ukraynada Medvedçukun ˝Müxalifət Platforması - Həyat naminə˝, eləcə də bir sıra digər rusiyayönlü partiyaların fəaliyyəti dayandırılıb.