Toğrul Vəliyev: "Elmi araşdırmalarla bağlı ayrılan vəsaitlərdə artım olmayıb"

Toğrul Vəliyev: "Elmi araşdırmalarla bağlı ayrılan vəsaitlərdə artım olmayıb"
18 Aprel 2022
Mətni dəyiş

Elmi mərkəzlər dövlətin əsaslarını təşkil edən strateji beyin mərkəzi olaraq qəbul edilir. Burada ən müxtəlif sahələrlə bağlı araşdırmalar, tədqiqatlar aparılır. Bu istiqamətdəki fəaliyyətin nəticələrindən isə dövlət milli təhlükəsizlik məsələlərindən tutmuş bir çox digər mövzularla bağlı istifadə edir.

Bəs Azərbaycanın beyin mərkəzlərində hazırda vəziyyət necədir?

Kiçik araşdırmalardan sonra bu istiqamətdə vəziyyətin ürəkaçan olmadığını demək olar.

Halbuki president İlham Əliyevin 2012-ci ildə təsdiqlədiyi “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Kondepsiyasında qeyd olunurdu ki, tətbiqi elmi araşdırmaların bazarın tələbatına müvafiq aparılması üçün zəruri mexanizmlər yaradılacaq.

İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, 2012-ci ildən sonrakı dövrdə elmi tədqiqatlar aparılıb və bu, davam edir.

İqtisadçı ekspert Pərviz Heydərov

Onun sözlərinə görə, burada əsas problem dəstək göstərilməməsi deyil, işə yanaşmadır.

“Bizdə təhsil, elm, istehsal arasında bir zəncirvari bağ olmadığı üçün, bu istiqamətdə problem yaranır. İnkişaf etmiş ölkələrdə bu bağ var. Məsələn, xaricdə iri şirkətlər də bu prosesə dəstək göstərirlər, çünki onların da ixtisaslı peşəkar kadra ehtiyacı var. Ancaq Azərbaycanda bu yoxdur. Bunun da olmaması sözügedən istiqamətdə vəziyyətə təsir edir”, - deyə iqtisadçı Pərviz Heydərov bildirib.

İqtisadçı ekspert Toğrul Vəliyev isə deyir ki, elmi araşdırmalarla bağlı ayrılan vəsaitlərdə artım olmayıb.

İqtisadçı ekspert Toğrul Vəliyev

Onun sözlərinə görə, belə xərclərin Ümumi Daxili Məhsulda payı 2 faizdir və elə də qalır, ancaq bu istiqamətdə effektin olması üçün vəsait ən azı 10 dəfə artırılmalıdır.

“Burada artım ancaq maaşların bəzən artırılması istiqamətində olub, ancaq infilyasiya və digər amilləri nəzərə alsaq, buna artım demək olmaz. Bu istiqamətdə inkişaf görmək istəyiriksə, radikal artımlara getməliyik. Bu illər ərzində başqa sistem də yaradılmayıb. Dövlət büdcəsindən Milli Elmlər Akademiyasına və digər elmi müəssisələrə vəsait ayrılıb və bu az vəsait ancaq işçilərin maaşları üçün nəzərdə tutulub. Ancaq elmi araşdırmalar həddən artıq böyük vəsait tələb edir”, - deyə T.Vəliyev bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun