Prezidentin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında 2013-2020-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramının qəbul ediləcəyi vurğulanırdı.
Ancaq sonrakı illərdə hökumətin bu istiqamətdəki fəaliyyəti əsas müzakirə mövzularından biri oldu. Məsələn, hələ də ölkədə bütün təhsil müəssisələrinin internetə çıxışının olub-olmaması, kompüter avadanlıqları və elektron tədris sistemi ilə təminatı sual doğuran mövzulardandır.Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlərə görə, 2020-ci ildə təkcə əyani ümumi təhsil və ali təhsil müəssisələrinin sayı ümumilikdə 4483 olub. Təhsil Nazirliyinin rəsmi məlumatlarında informasiyalaşdırılan təhsil müəsissələrinin sayına baxdıqda aydın olur ki, 2020-ci ilə qədər tamamlanmalı olan proses heç də əksər təhsil müəsissələrini əhatə etməyib.
İlqar Orucovun fikrincə, hədəflərə çatılmamasının ilkin səbəbi məmurların səhlənkarlığı və işini düzgün görməməsidir.
Təhsil Nazirliyindən Abzas Medianın sorğusuna cavab olaraq bildirilib ki, Prezidentin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın hər il təsdiq edilən Fəaliyyət Planı üzrə addımlar atılır. Qeyd edilib ki, ümumilikdə 4289 təhsil müəssisəsinin təhsil sisteminin korporativ İntranet və İnternet şəbəkələrinə çıxışı təmin edilib.
2020-ci ildə ümumilikdə 4483 təhsil müəssisəsinin olduğunu və onlardan sadəcə 4289-nun elektronlaşdırıldığını nəzərə aldıqda, hökumətin qoyulan hədəfə çatmadığını asanlıqla demək olar.