Sayt redaktoru sərbəst buraxılıb

Sayt redaktoru sərbəst buraxılıb
15 Aprel 2022
Mətni dəyiş
cenub.az regional xəbər saytının aprelin 13-də saxlanan təsisçisi və baş redaktoru Zahir Əmənov aprelin 15-də sərbəst buraxılıb. Bu barədə onun yaxınları AzadlıqRadiosuna məlumat veriblər. Onların sözlərinə görə, amma jurnalist polis nəzarətində olacaq. Zahir Əmənovun dövlət tərəfindən tutulan vəkili Tofiq Şahmarov isə məsələ ilə bağlı AzadlıqRadiosuna deyib ki, qərarı istintaq verib: "Zahir Əmənovun bu yaxınlarda 70 yaşı tamam olur, həm də şəkər xəstəsidir. Bunlar hamısı nəzərə alındı. Polis nəzarətinə buraxıldı. İstintaq gedəcək". Aprelin 13-də Masallı rayonunda cenub.az regional xəbər saytının təsisçisi və baş redaktoru Zahir Əmənovun saxlandığı bildirilir. Bu barədə "Turan"a hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, jurnalist Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə şübhəli sayılır. Həmin ittihamla jurnalistə 5 ilə qədər həbs cəzası verilə bilər. Bakı Mətbuat Klubunun həmtəsisçisi və direktoru, "Yeni nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə AzadlıqRadiosuna bildirib ki, aldığı məlumata görə, Z.Əmənov Masallı rayon Polis Şöbəsində saxlanılır, ona dövlət hesabına vəkil təyin edilib, 48 saat ərzində isə məhkəmə həbs-qətimkan tədbiri məsələsinə baxa bilər. O, ittihamın əsaslı olduğuna şübhə etdiyini deyib: "30 ildir ki, Zahir Əmənovu Azərbaycanın aparıcı regional kütləvi informasiya vasitələrindən birinin rəhbəri, təcrübəli jurnalist kimi tanıyırıq. Ona görə də pul tələb etmə və cinayət başında yaxalanma kimi ittiham gerçək görünmür. İşi nəzarətdə saxlayacağıq". A.Əliyev qeyd edib ki, son vaxtlar jurnalist Masallı rayonunda yerli rəhbərliklə münasibətlərində gərginlikdən şikayətlənirdi. Hələlik, bütün bu deyilənlərə Masallı rayon rəhbərliyindən münasibət almaq mümkün olmayıb. Z.Əmənovun qızı – "Ümidim sənsən" İctimai Birliyinin təsisçisi Fidan Abbaslı da AzadlıqRadiosuna deyib ki, atası əlinə qələm alandan haqq-ədalət tələb edib. O habelə əlavə edib ki, atası şəkər xəstəsidir: "Həmin günü polis şöbəsinə də getdik, bizə heç bir məlumat vermədilər. Axşam 9-a kimi heç bir məlumat ala bilmədik. Sonra anama bir nəfər zəng vurub deyib ki, narahat olmayın, yoldaşınız bizdədir, polis şöbəsindədir". Onun sözlərinə görə, atasının dərmanlarını polis şöbəsinə göndəriblər. O, atasının həbsini qərəzli hesab edir: "Qərəzlidir. Qurama işdir. Rüşvətdir, korrupsiyadır - atam həmişə bunlarla mübarizə aparıb".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun