Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukraynanın paytaxtı Kiyevdə səfərdədir. O, bu barədə tviter səhifəsində yazıb.
“Bu gün Kiyevdə, azad və demokratik Avropanın qəlbindəyik”, - Ş.Mişel bildirib. Bundan əvvəl də bir sıra Avropa liderləri Ukraynanın paytaxtı Kiyevə səfər edərək Rusiyanın hücumuna qarşı dirənişdə Ukraynaya dəstək nümayiş etdiriblər. Yaxın günlərdə Amerika prezidenti Co Baydenin də Ukraynaya səfər edəcəyi ehtimal olunur.
Rusiya fevralın 24-dən etibarən Ukraynaya genişmiqyaslı müharibə elan edib. Müharibənin gedişində paytaxt Kiyevi ələ keçirmək istəyən Rusiyanın bu cəhdi uğursuz olub. Böyük hərbi itki verən Rusiya ordusu Şərqi Ukraynaya doğru çəkilib.
Müharibə başladıqan sonra Rusiya beynəlxalq birliyin ağır sanksiyaları ilə üzləşib. Ölkə demək olar ki, bütün beynəlxalq təşkilatlardan və tədbirlərdən uzaqlaşdırılıb.