Şahbaz Quliyev bir ildən çoxdur veteranlıq və əlillik dərəcəsinin təyin edilməməsindən şikayətçidir

Şahbaz Quliyev bir ildən çoxdur veteranlıq və əlillik dərəcəsinin təyin edilməməsindən şikayətçidir
1 Aprel 2022
Mətni dəyiş
2014-cü ildə Kəlbəcərdə əsir götürülən və 6 il sonra azad olunan Şahbaz Quliyev Bakıda metronun "İçərişəhər" stansiyası yaxınlığında jurnalistlər qarşısında narazılığını ifadə edib. Onun sözlərinə görə, artıq 1 il 3 aydır ki, veteranlığı və əlillik dərəcəsi təyin edilmir: "…Çoxsaylı müraciətlər etmişəm, əməl edən yoxdur. Cənab prezidentin dediyinə əməl edən yoxdur". Ş.Quliyev bildirib ki, onun sağlamlığı ilə bağlı problemləri var: "Qolum qırıqdır. Əsirlikdə qırılıb, amma burada mənim qolumu qatlayıblar". O vurğulayıb ki, prezidentin qəbuluna getmək istəyir, buna şərait yaradılmır. Ş.Quliyevin iddiasına görə, prezident ona Bakının qəsəbəsində verdiyi evin qaz və işığını borca görə kəsiblər: "Borcu çoxdur, ödəyə bilmirəm, çünki heç bir yerdən gəlirim yoxdur. Novruz bayramında yeyib-içirdiniz, amma mən onu qazsız keçirmişəm. Niyə? Mən 7 il gözləmişəm ki, cənab prezident məni azad edəcək. Mənim bu gün qəbula düşüb deyiləsi sözüm var". Ş.Quliyev qeyd edib ki, hazırda hospitalda müalicə alır: "Bir salamat yerim yoxdur. Müalicəmi, sağ olsunlar, aparırlar". Onun sözlərinə görə, məşğulluq xidmətindən ona münasib iş təklif edilməyib: "Stajım çatmır, 130 manatlıq pensiya kəsiblər mənə. Mən ondan imtina etmişəm. 130 manat tum pulu eləmir bazara gedəndə". Hadisə yerində olan polis əməkdaşları Ş.Quliyevə Prezident Administrasiyasına yaxınlaşmağa imkan verməyib. Onlar bildirib ki, onu qəbul edib, köməklik göstərəcəklər. Ş.Quliyev isə deyib ki, dəfələrlə müraciət etsə də, problemi həll olunmayıb. O, ailəsinin dağıldığını, yeganə qızına kömək edə bilmədiyini söyləyib. Sonda Ş.Quliyev polis əməkdaşlarının müşayiəti ilə ərazidən gedib. Ş.Quliyevin açıqlamalarına Azərbaycanın Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və başqa cavabdeh qurumlardan münasibət almaq mümkün olmayıb. Onun işgəncələrlə bağlı dediklərinə, hələlik, Ermənistanın da münasibəti bəlli deyil. Ermənistanda saxlanan Ş.Quliyev Dilqəm Əsgərovla birgə 2020-ci ilin dekabrında Bakıya gətirilib. 2014-cü ildə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin Kəlbəcərdə Ermənistan əsgərlərinə girov düşdükləri bildirilirdi. Onda Azərbaycanın rəsmi qurumlarının açıqlamasına görə, başqa bir vətəndaşları Həsən Həsənov isə güllələnərək öldürülüb. D.Əsgərov və Ş.Quliyev əslən Kəlbəcər rayonundandırlar. H.Həsənovun meyiti alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində məhkəmə keçirilmişdi. Azərbaycan hökumətinin tanımadığı bu məhkəmənin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onlar qətl və digər ağır cinayətlər törətməkdə ittiham edilib. Hər iki şəxs Kəlbəcərə (Bu rayon həmin vaxt işğal altında idi - red) ata-baba yurdlarına baş çəkməkdən ötrü gəldiklərini bildirmişdilər. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlanandan sonra onların Ermənistana aparıldığı deyilirdi. Həmin müharibə nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin çoxuna nəzarəti bərpa etdiyini açıqlayıb. Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun