15 Aprel 2022
Mətni dəyiş
Ermənistan Rusiya qazı üçün rublla ödənişlərə keçib, bu barədə ölkənin iqtisadiyyat naziri Vaan Kerobyan bildirib. O, prosesin dəqiq nə vaxt baş verdiyini dəqiqləşdirməyib.
Ermənistan İqtisadiyyat Nazirliyinin rəhbəri ˝RBK˝-yə bildirib ki, hesablamalar dollarla aparılır, lakin ödəniş rublla həyata keçirilir. “Mən bildiyimə görə, son bir neçə ödəniş rublla, amma müvafiq məzənnə ilə olub˝.
“Qazprom”-un nümayəndəsi Sergey Kupriyanov təsdiqləyib ki, Yerevanla müqavilə “artıq bir neçə ildir ki, qazın pulunu rublla ödəməyə imkan verir və bu imkandan istifadə olunur”. Müqaviləyə əsasən, Ermənistan hər min kubmetri 165 dollardan qaz alır. “Qazprom” Ermənistana istehlakçılara satılan yeganə təbii qaz tədarükçüsüdür.
İqtisadiyyat naziri Vaan Kerobyan bir müddət əvvəl bəyan etmişdi ki, qazın rublla alınması Ermənistan üçün müsbət haldır. “Qiyməti rublla müəyyən etsək, bu, çox böyük uğur olacaq, çünki hazırda rublun gələcək məzənnəsinə inamı olmayan ixracatçılarımızın eksportu Rusiya rublu ilə qiymətləndirməkdən çəkinməsi problemlərə yol açır. Əgər bizdə qazın rublla sabit qiyməti varsa, bu, əks sövdələşmələr vasitəsilə ixracatçılarımıza gələcəkdə sabit rubl məzənnəsini verməyə imkan yaradacaq”, - nazir bildirib.
Martın sonunda Ukraynada başlatdığı müharibəyə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda prezident Vladimir Putin qazın “dost olmayan ölkələrə” rublla satışı haqqında fərman imzalayıb. Qazın pulunu ödəmək üçün Qərb ölkələri “Qazprombank”-da rubl hesabları açmalı olacaqlar.
Bundan sonra Baltikyanı ölkələr - Latviya, Litva və Estoniya Rusiyadan gələn təbii qazdan imtina edib. “Conexus Baltic Grid” (Conexus) təbii qaz sisteminin operatoru ASC-nin idarə heyətinin sədri Uldis Bariss qeyd edib ki, Rusiyanın verdiyi təbii qazın haqqını yalnız rus rublu ilə ödəməyin mümkün olması barədə bəyanatı kəskin surətdə qazlaşdırma ehtiyacından xəbər verir. Rusiya Federasiyasından tədarükləri azaltmaq lazımdır, çünki onlara artıq etibar etmək mümkün deyil.
Avropa təbii qazın 40%-dən çoxunu Rusiyadan alır. Almaniya Rusiya qazından ən çox asılı olan ölkədir - Rusiya Federasiyasından gələn yanacağın payı 50%-dən çoxdur.
Qərbin sanksiyalarına baxmayaraq, Rusiya apreldə təxminən 800 milyard rubl əlavə gəlir əldə edə bilər. Bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat yayıb. Səbəb yanacağın qiymətinin qalxmasıdır. Avropa Rusiya neft və qazından kütləvi şəkildə imtina etsə belə, Vladimir Putin Rusiya üçün ciddi problem görmür. O, iddia edir ki, ölkənin enerji resursları ilə bağlı planı var.