Rusiya Azərbaycanın Caliber.az saytını ölkə ərazisində bloklayıb. Bu barədə qərarı Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) verib.
Saytın bloklanmasının səbəbi aydın olmasa da, Rusiya bir qayda olaraq ölkə maraqlarına xidmət etməyən informasiyalar yayan xarici rusdilli saytları bloklayır.
Bundan əvvəl Azərbaycanın haqqin.az, virtual.az, minval.az, musavat.com, oxu.az və baku.ws saytaları da Rusiya ərazisində bloklanıb.
AbzasMedia məsələ ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və Medianın İnkişafı Agentliyinə (MEDİA) informasiya sorğusu ilə müraciət edib.
'Saytların məhdudlaşdırılması müvafiq qanunvericiliklə tənzimlənir'İnformasiya sorğusunda qeyd edilib ki, Azərbaycanın haqqin.az, virtual.az, minval.az, musavat.com, oxu.az və baku.ws saytaları Rusiya ərazisində bloklanıb. "Media haqqında" qanunun 11.4-cü maddəsində qeyd olunur ki, Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər. Bu istiqamətdə addımlar atmağı düşünürsünüzmü?
Media İnkişafı Agentliyi sorğuya cavabda qeyd edib ki, qurumun belə bir səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə qeyd edib ki, saytların məhdudlaşdırılması müvafiq qanunvericiliklə tənzimlənir.
"Həmin resurslarda Azərbaycanın mənafeyinə, ərazi bütövlüyünə zidd, qanunvericiliyə uyğun olmayan məlumatlar yayımlandığı halda onların fəaliyyətilə bağlı müvafiq tədbirlər görülə bilər", - deyə nazirlik cavabda qeyd edib.