9 Aprel 2022
Mətni dəyiş
Rusiya Xarici İşlər Nazirliyi Polşanın Moskvadakı səfirliyinin və İrkutsk, Kalininqrad və Sankt-Peterburqdakı baş konsulluqlarının 45 əməkdaşının ölkədən çıxarıldığını açıqlayıb. ˝Persona non-qrata˝ elan edilmiş diplomatlar aprelin 13-ün sonuna kimi Rusiyanı tərk etməlidirlər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görülən tədbirlər Moskvanın Varşavanın oxşar hərəkətlərinə cavabıdır. Polşa səfiri Kşiştof Krayevski Rusiya Xarici İşlər Nazirliyində 45 rusiyalı diplomatın ˝persona non qrata˝ elan edilməsi ilə bağlı “qəti etiraz edilib”.
"Səfirə bildirilib ki, biz bu addımı Varşavanın ikitərəfli münasibətləri birdəfəlik məhv etmək üçün şüurlu istəyinin təsdiqi kimi qiymətləndiririk. Bunun üçün məsuliyyət tamamilə Polşa tərəfinin üzərinə düşür", - mesajda deyilir.
Martın 23-də Polşanın Daxili Təhlükəsizlik Agentliyi Rusiyanın kəşfiyyat xidmətlərində işlədiyi, ya da onlarla əlaqəsi olduğuna inandığı 45 rusiyalı diplomatın siyahısını tərtib etdiyini açıqlayıb. Qurumun müdiri onların ölkədən göndərilməsini tələb edib.
Rusiya səfiri Sergey Andreyev Polşa Xarici İşlər Nazirliyinə çağırılıb. O, casusluq ittihamı ilə 45 diplomatın ölkədən çıxarılması tələbi ilə nota aldığını təsdiqləyib.