2 Aprel 2022
Mətni dəyiş
Ukraynadakı müharibə fonunda Aİ ölkələri dərman və kimyəvi, bioloji, radioloji və nüvə mühafizə vasitələrinin ehtiyatlarını artırmaq qərarına gəlib. Bu barədə “Reuters” anonim mənbələrin sözlərinə və Aİ sənədlərinə istinadən xəbər verir. Avropa Komissiyası bununla bağlı şərh verməyib.
Aİ və tərəfdaş ölkələr, o cümlədən Ukrayna sakinləri üçün mövcud ehtiyatları artırmaq məqsədilə ehtiyatlar bir neçə həftə və ya ay ərzində yığılacaq. Təchizatlara dezinfeksiyaedici avadanlıqlar, əlcəklər, maskalar və digər ləvazimatlar daxildir.
Reuters mənbələri Aİ ölkələrinin hansı dərmanları alacaqlarını açıqlamayıb. Eyni zamanda, daxili sənədlərə görə, Fransa radiasiya ilə çirklənmə zamanı şüa xəstəliyinin qarşısını almaq üçün istifadə olunan kalium yodid tabletlərinin paylanması planının hazırlanmasını tələb edib. Bununla belə, Aİ-nin 20 ölkəsində artıq belə ehtiyatlar var və onların bir çoxu Ukraynadakı müharibədən əvvəl yaradılıb.
Aİ sənədlərinə görə, ölkələr Ukraynadakı nüvə obyektlərində baş verən qəzalarla bağlı narahatlıqlar səbəbindən qoruyucu avadanlıq ehtiyatı yaratmağa qərar veriblər. Belə ki, martın 4-nə keçən gecə Rusiya hakimiyyətinin nəzarətində olan Zaporijjya AES-in ərazisində yanğın baş verib.
Ukraynadakı müharibə zamanı Rusiyanın nüvə silahından istifadəsinin mümkünlüyü məsələsi dəfələrlə qaldırılıb. Fevralın sonunda, müharibənin başlamasından bir neçə gün sonra Rusiya prezidenti Vladimir Putin müxtəlif növ ballistik raketlərin daxil olduğu ˝nüvə triadası˝nın xüsusi hazırlıq vəziyyətinə gətirilməsi barədə göstəriş verib. Qərb rəsmiləri də Rusiyanın Ukraynada kimyəvi və bioloji silahlardan istifadə edə biləcəyindən ehtiyat edirdilər.