Qarabağ müharibəsi veteranları 'YAŞAT' Fondu qarşısında etiraz aksiyası keçiriblər

Qarabağ müharibəsi veteranları 'YAŞAT' Fondu qarşısında etiraz aksiyası keçiriblər
25 Aprel 2022
Mətni dəyiş

Aprelin 25-də İkinci Qarabağ müharibəsinin bir qrup iştirakçısı ˝YAŞAT˝ Fondunun qarşısında etiraz aksiyası keçirib. Onlar bildiriblər ki, Türkiyəyə müalicəyə göndərilən veteranlar müalicə başa çatmadan ölkəyə qaytarılır.

"Onların müalicəsi hələ bitməyib. Niyə bilet alıb Azərbaycana qaytarırlar? Yəqin baxırlar ki, orada xərc çox çıxır, ona görə gətirirlər bura.

˝YAŞAT˝ Fondu öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Əks halda biz Prezident Administrasiyasının qarşısına gedəcəyik", deyə aksiya iştirakçılarından biri Fondun iştirakçıların qarşısına çıxan nümayəndəsinə bildirib.

˝YAŞAT˝ Fondundan bildiriblər ki, bu günə qədər fondun dəstəyi ilə 167 qazi Türkiyə Respublikasına göndərilib. "Hər bir gedən qazimiz mütəxəssisin rəyi əsasında göndərilib. Mütəxəssislərin rəyi bu olub ki, onların müalicəsi yerli səhiyyəmizdə yoxdur", deyə Fonddan bildiriblər.

Həmin 167 qazidən 132-si artıq Azərbaycana qayıdıb.

35 ağır yaralının Türkiyədə müalicəsi davam etdirilir. Mütəxəssislər nə zaman onların Türkiyə Respublikasında müalicəsinin bitdiyi barədə rəy bildirsələr, o zaman onlar müalicəni davam etdirmək üçün Azərbaycana geri qayıdacaqlar.

Fondda yaralıların müalicəsi başa çatmadan qayıtması ehtimalını istisna ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun