12 Aprel 2022
Mətni dəyiş
˝Kreml Ukraynada “xüsusi hərbi əməliyyatın” aparılmasının zəruriliyinə şübhə etmir və məqsədlərinə çatacaq˝. Bunu Rusiya prezidenti Vladimir Putin Amur vilayətindəki ˝Vostoçnıy˝ kosmodromunun əməkdaşları ilə görüşündə deyib.
“Bizim gördüyümüz iş bir tərəfdən insanlara kömək etmək, insanları xilas etməkdir, digər tərəfdən isə biz sadəcə olaraq Rusiyanın özünün təhlükəsizliyini təmin etmək üçün tədbirlər görürük. Aydındır ki, bizim başqa seçimimiz yox idi, bu, düzgün qərardır”, - deyə “İnterfaks” prezidentin sözlərindən sitat gətirir.
Putinin sözlərinə görə, Ukrayna “anti-Rusiya tramplininə” çevrilməkdədir, burada “onlar çoxdan mövcud olan millətçilik toxumlarını yetişdirməyə başlayıblar”. “Neonasizm, təəssüf ki, bizə yaxın olan kifayət qədər böyük bir ölkənin həyatında faktora çevrilib. Bu qüvvələrlə toqquşma Rusiya üçün qaçılmaz idi”, - deyə Putin bildirib.
O, həmçinin əlavə edib ki, Ukraynadakı "xüsusi əməliyyat"ın "tamamilə başa düşülən və nəcib" məqsədləri var - Donbassdakı insanlara kömək etmək.
Vladimir Putin Aleksandr Lukaşenko ilə birlikdə "Vostoçnıy" kosmodromunu ziyarət edib. Digər məsələlərlə yanaşı, Rusiya Federasiyasının Prezidenti rus kosmonavtlarına dövlət mükafatları təqdim edib, həmçinin Roskosmosa ˝Ay proqramı˝nı həyata keçirməyi, Belarus kosmonavtının Rusiya gəmisində təlim və uçuşunu təmin etməyi tapşırıb.