Polislər cəbhəçini həbsdən çıxan kimi yenidən saxlayıblar

Polislər cəbhəçini həbsdən çıxan kimi yenidən saxlayıblar
18 Aprel 2022
Mətni dəyiş

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elxan Əliyev inzibati həbsdən çıxan kimi yenidən saxlanılıb. 

Bu barədə partiyadan məlumat verilib.

Bildirilib ki, Elxan Əliyev 30 günlük inzibati həbsdən sonra azadlığa buraxılıb, ancaq Daxili İşlər Nazirliyinin nəzdində olan müvəqqəti saxlanma məntəqəsinin önündə onu polislər yenidən saxlayıblar. Bildiriblər ki, mülki işlə bağlı axtarışdadır.

Elxan Əliyev polis əməkdaşları tərəfindən Tovuz rayonuna aparılıb.

Elxan Əliyev martın 19-də İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə ittiham olunaraq, Nəsimi rayon Məhkəməsi hakim Azər Tağıyevin qərarı ilə 30 sutka həbs olunub.

AXCP sədri Əli Kərimli hesab edib ki, partiya fəalının həbsinin səbəbi tənqidi yazıları olub.

“AXCP funksioneri Elxan Əliyevi şərləyərək son 6 ayda 3-cü dəfə 30 sutka müddətinə inzibati qaydada həbs etdilər. Elxan bəyin körpə övladlarını bayram axşamı atasız qoydular. Elxan bəy heç bir qanun pozuntusuna yol verməyib. Tez-tez həbs olunmasının tək səbəbi sərt tənqidi yazılarıdır,” - deyə partiya sədri martın 19-da yazdığı statusda qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun