30 Aprel 2022
Mətni dəyiş
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi Rusiya prezidenti Vladimir Putini Rusiyanın Ukraynaya müdaxiləsi zamanı "əxlaqsızlıq" və "vəhşilik"də ittiham edib.
Mətbuat brifinqi zamanı Kirbidən Putinin rasional oyunçu olduğunu düşünüb-düşünmədiyini soruşublar. Pentaqonun sözçüsü cavabında bildirib ki, onun üçün Ukraynada baş verən hadisələrə baxmaq və “hər hansı əxlaqlı bir insanın buna haqq qazandıra biləcəyini düşünmək” çətindir.
˝Bəzi görüntülərə baxıb təsəvvür etmək çətindir ki, istənilən tədbirli, ciddi, yetkin lider bunu edə bilər. Ona görə də onun psixologiyasından danışa bilmərəm, amma məncə, hamımız onun əxlaqsızlığından danışa bilərik˝.
O, çıxışı zamanı Rusiya tərəfinin Ukraynadakı nasistlər və ABŞ və ya Qərb ölkələrinin Rusiyanı təhdid etməsi ilə bağlı bəyanatlarını “qəribə” və “gülünc” adlandırıb, çünki Kirbinin fikrincə, “təcavüzkar olan Rusiyadır”.
Con Kirbi qeyd edib ki, onun üçün Ukraynada nasizmlə mübarizə ilə bağlı bəyanatları və Rusiya hərbçilərinin əməllərini əlaqələndirmək çətindir. “Bu ritorikanı onun əslində Ukraynada etdikləri ilə əlaqələndirmək çətindir: günahsız insanlar başlarının arxasından güllələnir, əlləri arxadan bağlanır, hamilə qadınlar öldürülür, xəstəxanalar bombalanır. Demək istəyirəm ki, bu, sadəcə olaraq əxlaqsızlıqdır”, - Pentaqonun sözçüsü bildirib.
“Günahsız insanlara, mülki şəxslərə, günahsız insanlara qarşı törədilən zorakılığın, qəddarlığın və dediyim kimi əxlaqsızlığın miqyasını, onun öldürdüyü həyatlara belə etinasızlıqla yanaşıldığını tam qiymətləndirdiyimizi düşünmürəm” Con Kirbi deyib.
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Con Kirbinin çıxışını şərh edərkən bildirib ki, Pentaqon nümayəndəsi “vulqar təhqirlərə yol verərək amerikalı zabit ləyaqətini itirib” və “formasının şərəfinə ləkə vurub”. Rusiyalı diplomat Kirbinin sözlərini “təhqiredici və qəbuledilməz” adlandırıb, lakin onun hansı sözünün Rusiyaya uyğun gəlmədiyini açıqlamayıb.