Cümə günü Pentaqon Slovakiya hökumətini Ukraynanı müdafiə üçün vacib olan S-300 hava hücumundan müdafiə sistemi ilə təmin etməsini alqışlayıb.
“Bu, Ukraynanın qonşularının Rusiyanın işğalına qarşı ona kömək etməkdə nə qədər qətiyyətli olduğuna sübutdur”, - ABŞ Müdafiə naziri Lloyd Ostin bildirib.
Bunun müqabilində ABŞ Avropa Komandanlığı ABŞ hərbçiləri tərəfindən idarə olunan bir Patriot raket sistemini Slovakiyaya yerləşdirəcək, Pentaqonun rəhbəri bildirib.
Prezident Co Bayden də Ukraynanı S-300 sistemi ilə təmin etdiyi üçün Slovakiya hökumətinə təşəkkür edib.
“İndi arxayınlaşmağın vaxtı deyil. Rusiya hərbçiləri Kiyevi ələ keçirə bilmədilər, lakin onlar Ukrayna xalqına qarşı dəhşətli vəhşiliklərini davam etdirirlər. Biz Ukrayna ordusunu öz ölkələrini qorumaq üçün qabaqcıl silahlarla təmin etməyə davam edəcəyik”, - deyə o bildirib.
Bayden Kramatorskdakı qatar stansiyasında mülki şəxslərə hücumunu “Rusiyanın törətdiyi növbəti dəhşətli vəhşilik” adlandırıb.
Pentaqonun sözçüsü Con Kirbi cümə günü bildirib ki, Birləşmiş Ştatlar Ukraynanı silah, sursat və kəşfiyyatla təmin etməyə davam edir.
O, Donbass uğrunda mübarizənin həlledici olacağını qeyd edib. Kiyev kampaniyasının uğursuzluğundan sonra ruslar Donbass uğrunda döyüşmək üçün birlikləri şərqə köçürdülər. “Bu, uzun müddət davam edəcək çox qanlı döyüş olacaq”.
Bu yeni vəziyyət hava zərbələri ilə müşayiət olundu: son sutka ərzində Rusiya 240-250 döyüş uçuşu həyata keçirdi, hava zərbələrinin böyük əksəriyyəti Mariupola yönəldilib.