Rusiya Federasiyası ilə əlaqəsi olan bir sıra sahibkarlar “Forbes” jurnalının naşirlərinə onların “rusiyalı iş adamları” adlandırmaması xahişi ilə müraciət ediblər.
Nəşr yazır ki, bunu xüsusilə "VKontakte" və "Telegram"ın təsisçisi Pavel Durovun nümayəndələri xahiş ediblər. "Pavel Rusiyanı illər əvvəl tərk edib və geri qayıtmaq fikrində deyil", - iş adamının nümayəndəsi bildirib.
Durov bir neçə il Rusiya nümayəndəsi kimi "Forbes" siyahısında yer alıb, lakin indi o, keçən ildən Fransa vətəndaşı olduğunun yazılmasını xahiş edir (məlumatlara görə, "Telegram"-ın yaradıcısının həmçinin Sent Kitts və Nevis vətəndaşlığı da var).
Həmçinin mobil oyunlar hazırlayan "Playrix"-in yaradıcıları İqor və Dmitri Buxman və "Revolut"-un həmtəsisçisi Nikolay Storonski və investor Yuri Milner də "rusiyalı iş adamları" adlandırılmamaq barədə xahiş ediblər.
Buxmanlar bir neçə il əvvəl İsrailə köçdüklərini vurğulayırlar və Storonskinin nümayəndələri onun Britaniya vətəndaşı olduğunu xatırladırlar. Yuri Milner israr edir ki, 2014-cü ildən Rusiyada olmayıb və onun ərazisində heç bir əmlakı yoxdur və 1999-cu ildə İsrail vətəndaşlığını alıb.
"Forbes" qeyd edir ki, Rusiya Federasiyası ilə əlaqələri olan sahibkarlardan “Rusiya iş adamları” siyahısına salınmamaq üçün müraciətlər əvvəllər də daxil olub, lakin son bir neçə ayda belə müraciətlərin sayı, o cümlədən Ukraynanı işğalına görə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda artıb.
Rusiyanın Ukraynaya təcavüzündən sonra ABŞ, Avropa Birliyi və bir sıra digər ölkələr əvvəllər məhdudlaşdırıcı tədbirlərə məruz qalmayan bir çox rusiyalı iş adamlarını əhatə etməklə sanksiyalar siyahılarını genişləndiriblər. Sanksiya siyahılarına daxil edilənlərin aktivləri dondurulur. Xüsusilə, son bir neçə həftə ərzində sahibləri sanksiya siyahılarından rusiyalı iş adamları sayılan yaxtaların saxlanılması ilə bağlı xəbərlər yayılıb.