19 Aprel 2022
Mətni dəyiş
Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri zamanı əməkdaşlıq haqda sənədlər paketi imzalanacaq. Bu haqda jurnalistlərə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
Paşinyan aprelin 19-da Rusiya Prezidenti Vladimir Putinlə görüşməlidir.
“Daha sonra Paşinyanın Rusiya hökuməti səviyyəsində intensiv kontaktları nəzərdə tutulub. Elə orada da sənədlər paketi imzalanacaq”, – Peskov deyib.
AzadlıqRadiosu-nun erməni xidmətinin məlumatına görə, sabah – aprelin 20-də Paşinyan Rusiyanın baş naziri, Dövlət Dumasının və Federasiya Şurasının sədrləri ilə görüşəcək. Onun Nijni Novqorod şəhərinə səfəri planlaşdırılır.
Ancaq Moskvadakı erməni icmasıyla görüş nəzərdə tutulmayıb.
Daha öncə yayılmış məlumata görə, Paşinyanla Putin Azərbaycanla üçtərəfli bəyanatların necə icra olunmasını müzakirə edəcəklər.
2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin yarıdan çoxuna nəzarəti bərpa edib. Həmin il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə imzalanan bəyanata əsasən döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Azərbaycan və Ermənistan liderləri Rusiyanın vasitəçiliyi ilə 2021-ci il yanvarın 11-də və noyabrın 26-da da görüşüblər. Həmin görüşlərdə regionda kommunikasiyaların açılması üzrə razılığa gəlinib.
Bu il aprelin 6-da isə Azərbaycan Prezidenti İlham Əliyev Paşinyanla Brüsseldə görüşüb. Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşdə ikitərəfli sülh sazişi üzərində işləmək, sərhədlərin müəyyənləşdirilməsindən ötrü ikitərəfli komissiya yaratmaq üzrə razılıq əldə olunub.