Beynəlxalq ekoaktivist qrupu olan "Green Peace" təşkilatının fəalları Rusiyanın Ukraynaya təcavüzünə etiraz olaraq özlərini Norveçə yanacaq daşıyan rus tankerinə zəncirləyiblər.
Təşkilatın yaydığı açıqlamada qeyd olunub ki, 95 ton yanacaq daşıdığı ehtimal olunan tankerə yaxınlaşan fəallar yanacağın boşaldılmasının qarşısını almaq üçün özlərini tankerə zəncirləyiblər.
Təşkilatın Norveçdəki qrupunun rəhbəri Frode Pleym mətbuata açıqlamasında bildirib ki, yanacaq təkcə iqlim böhranının yox, həm də müharibələrin təməlində dayanır: "Rusiya yanacağının həm də Ukraynadakı müharibəni maliyyələşdirdiyini bildiyimiz üçün Norveçin Rusiya neftinə sərbəst liman olduğuna çox təəccübləndik", - deyə o, əlavə edib.
Aktivistlər Norveç hökumətinə çağırış ediblər ki, Rusiya ilə bütün neft-qaz razılaşmalarından imtina edilsin.