NATO və müttəfiq ölkələr ABŞ müdafiə naziri ilə Almaniyada keçirilən görüşün ardınca Rusiyanın hərbi təcavüzünə qarşı mübarizədə Ukraynaya hərbi dəstəyi gücləndirmək barədə razılığa gəlib. ABŞ müdafiə naziri Lloyd Ostin müharibənin həlledici mərhələyə daxil olması ilə silahların tez zamanda çatdırılmalı olduğu barədə xəbərdarlıq edib.
ABŞ müdafiə naziri Ukraynaya dəstək nümayiş etdirmək məqsədilə Almaniyada Ramştayn hərbi hava bazasında 40 müttəfiq ölkədən həmkarları ilə görüşüb.
“Ukrayna qalib gələcəyinə açıq şəkildə inanır. Burada olan hər kəs kimi”, Lloyd Ostin bildirib.
Ostin jurnalistlərə müsahibəsində Rusiya qüvvələrinin xeyli itki verdiyini bildirib.
“Biz bir daha əmin olmaq istəyirik ki, onlar bu münaqişənin əvvəlində gördüyümüz kimi qonşularını təhdid etmək üçün eyni qabiliyyətə malik deyillər”, Lloyd Ostin deyib.
Ostin bildirib ki, ABŞ-ın 3,7 milyard dollar yardımı da daxil olmaqla, 30 ölkə Ukraynaya 5 milyard dollarlıq təhlükəsizlik yardımı vəd edib.
“Gələn həftələr Ukrayna üçün çox mühüm olacaq. Ona görə də biz müharibə sürəti ilə hərəkət etməliyik”, ABŞ Müdafiə Naziri bildirib.
Almaniya indiyədək ağır silahlar göndərməkdən imtina edib, lakin çərşənbə axşamı zenit silahları ilə təchiz edilmiş 50 Gepard tankı göndərəcəyini təsdiq edib.
“Ukraynanın hava məkanını yerdən qorumaq üçün indi məhz buna ehtiyacı var”, Almaniyanın müdafiə naziri Kristin Lambrext deyib.
NATO-nun siyasət planlaşdırması üzrə keçmiş direktoru Fabris Potyenin bildirdiyinə görə, Qərb hərəkətə keçməyə məcbur olub.
“Aydındır ki, yerlərdə vəziyyət dəyişib. Gördüyünüz kimi mülki əhaliyə qarşı qırğınlar vəziyyətin dəyişməsinə gətirib çıxarıb”, Fabris Potye bildirib.
Təhlilçi Bredli Bauman deyir ki, Ukraynada müharibə fərqli hərbi prioritetlərlə şərqdə Donbass regionunda gedir.
“Daha geniş açıq sahələr var. Daha dəqiq artilleriya atəşini tez çatdıra bilən tərəf yəqin ki, qalib gələcək tərəfdir”, Demokratiyaları Müdafiə Fondunun təhlilçisi Bredli Bauman bildirib.
ABŞ-ın Ukrayna ilə bağlı ritorikası da dəyişib. Müdafiə naziri Ostin dəfələrlə Ukraynanın qələbəsindən danışıb.
“Əgər siz Ukraynanın cəsarətini, bacarığını və öz evlərini bu əsassız işğaldan müdafiə etmək istəyini bizim Qərbin uzunmüddətli perspektivdə təmin etməli olduğumuz dəstəyi ilə birləşdirsəniz fikrimcə, bu, uzun müddətdə Putin üçün böyük strateji fəlakət olacaq. Lakin qısa müddətdə, açığını desək, mənzərə qarışıqdır”, Demokratiyaları Müdafiə Fondunun təhlilçisi Bredli Bauman deyib.
Lakin NATO-nun Siyasət Planlaşdırılması üzrə keçmiş direktoru Potyenin bildirdiyinə görə, NATO daxilində də fikir ayrılıqları mövcuddur.
“Bunun bizim qələbə qazana biləcəyimiz və Putinin təcavüzkar aqressiyalarını həqiqətən məğlub edə biləcəyimiz an olduğunu düşünənlər və daha güclü eskalasiyadan narahat olan və Rusiyanı cəzalandırmaq, Rusiyanı alçaltmaq deyil, sadəcə mümkün qədər tez zamanda dayandırmaq kimi bir köhnə məktəbə aid düşüncə tərzinə malik olanlar var”, Fabris Potye bildirib.
Rusiya Qərbin Ukraynaya silah təchizatının “Üçüncü dünya müharibəsi” riski yarada biləcəyi barədə xəbərdarlıq edib. Müdafiə naziri Ostin bu şərhləri “təhlükəli və faydasız” adlandırıb.
Britaniya Moskvanın şərhlərini rədd edərək, dərhal eskalasiya riski görmədiyini bildirib.