Müharibə veteranları sığorta haqqını ala bilmədiklərinə görə aksiya keçiriblər

Müharibə veteranları sığorta haqqını ala bilmədiklərinə görə aksiya keçiriblər
18 Aprel 2022
Mətni dəyiş

Aprelin 18-də bir qrup Qarabağ müharibəsi veteranı Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin (Azərsığorta) binası qarşısında etiraz aksiyası keçirib.

Onların sözlərinə görə, əlillik dərəcəsini alsalar da, artıq uzun müddətdir ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunla nəzərdə tutulmuş sığorta pulunu ala bilmirlər: "Hər dəfə bizi aldadırlar. Gah deyirlər ayın 14-ü veriləcək, gah ayın 15-i veriləcək. Yekunda demişdilər aprelin 18-də veriləcək, biz gəlmişik, yalandan bizi bir kağızla aldadırlar, yola verirlər. Deyirlər ki, bu məsələ bizə aid deyil, Dövlət Sosial Müdafiə Fonduna aiddir".

Aksiya iştirakçılarının vurğulamasına görə, Dövlət Sosial Müdafiə Fondunda isə deyiblər ki, məsələ "Azərsığorta"ya aiddir: "Biz müalicəyə getməliyik, hamımız yarıcan insanlarıq. Cənab prezidentin sərəncamı var, bu pul bizə verilməlidir".

Aksiya iştirakçıları onların qarşısına heç bir vəzifəli şəxsin çıxmamasından da şikayət ediblər, ardınca özləri "Azərsığorta" yerləşən binaya giriblər. Lakin, vurğulamalarına görə, orada da deyilib ki, hazırda onların suallarına cavab verəcək səlahiyyətli şəxs yerində yoxdur. Bundan sonra veteranlarla şirkətin əməkdaşları arasında mübahisə yaranıb. Amma sonra aksiya iştirakçılarını şirkətin nümayəndəsinin qəbuluna dəvət ediliblər.

Dövlət Sığorta Kommersiya Şirkətindən "Turan"a bildirilib ki, məsələ ilə bağlı açıqlama veriləcək. Dövlət Sosial Müdafiə Fondu ilə isə, hələlik, bu məsələ ilə bağlı danışmaq mümkün olmayıb.

Qanunvericiliyə əsasən, I dərəcə əlillikdə sığorta məbləği 8 min 800, II dərəcə əlillikdə 6 min 600, III dərəcə əlillikdə isə 4 min 400 manatdır.

2020-ci ildə 44 günlük savaş nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Bu savaşda Azərbaycan tərəfi 3 min civarında hərbi qulluqçu itirdiyini açıqlayıb. Döyüşlərdə yaralananlardan isə 2 min 700-dən çoxunun əlillik statusu aldığı bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun