Məcburi köçkün: "Dəfələrlə müraciət edib dövlətdən qalmağa yer istəmişik, nəticə olmayıb"

Məcburi köçkün: "Dəfələrlə müraciət edib dövlətdən qalmağa yer istəmişik, nəticə olmayıb"
15 Aprel 2022
Mətni dəyiş

1992-93-cü illərdə 1-ci Qarabağ müharibəsi nəticəsində 1 milyondan çox azərbaycanlı öz yurd-yuvasından qaçqın düşdü. Müharibənin itkilərini, ağrı-acısını bu insanların həyatından silmək olmasa da, onların yenidən normal həyata adaptasiyası üçün atılası bir çox addım var idi.

Dövlət bu istiqamətdə müxtəlif tədbirlər görsə də, bu işlərin effektivliyi hər zaman müzakirə mövzusu olub. Çünki məcburi köçkünlərin böyük əksəriyyəti universitet yataqxanalarında, rayonlarda kiçik köşklərdə ağır vəziyyətdə məskunlaşdılar.

İllər keçdikdən sonra isə məcburi köçkün şəhərcikləri salındı və evlər tikildi. Ikinci Qarabağ müharibəsinə qədər olan müddətdə bu istiqamətdə ciddi problemlər qalmaqda davam etdiyi müşahidə edildi.

Lakin, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində bu məsələ böyük ölçüdə öz həllini tapmalı idi.

Konsepsiyada deyilirdi ki, Beynəlxalq maliyyə qurumları, BMT-nin agentlikləri, xüsusən BMT QAK-la və digər beynəlxalq humanitar yardım təşkilatları ilə birlikdə Böyük Repatriasiya (“Böyük Qayıdış”) Proqramı hazırlanacaq və bu barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq. Bununla bərabər, qaçqın və məcburi köçkün gənclər dəstəklənəcək, onlara mikrokreditlər veriləcək.

AbzasMedia məsələ ilə bağlı informasiya almaq üçün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edib.

Qurumdan verilən cavabdan aydın olub ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bilmir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası 2020-ci ilə qədər görüləcək işləri əhatə edir. Yəni, bu işlər 2020-ci ilə qədər yekunlaşmalı idi.

Cavabda qeyd olunub ki, Prezidentin rəhbərliyi ilə Azərbaycan ordusu 30 ilə yaxın işğal altında saxlanılan ərazilərimizi azad etdikdən sonra yeni reallıqlar yaranıb. Dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargah öz işini yüksək səviyyədə həyata keçirir. İşğaldan azad olunmuş ərazilərin bərpası, quruculuq və məcburi köçkünlərin ləyaqətlə və təhlükəsiz şəraitdə öz yurdlarına, ata-baba torpaqlarına qayıdışı ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

2020-ci ildə yekunlaşmalı olan işləri 2020-ci ilin ikinci yarısında baş verən hadisə ilə əlaqələndirib, səbəb kimi torpaqların işğaldan azad olunmasını göstərmək nə qədər doğru cavabdır, bu da sual doğurur.

Qurum məcburi köçkün gənclərin dəstəklənməsi, mikrokreditlərin verilməsilə bağlı sorğuya cavab olaraq bildirib ki, 2013-cü ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 688 nəfərə ümumi məbləği 1,38 milyon manat təşkil edən mikrokredit verilib. Son 10 ildə isə 10,8 min nəfər məcburi köçkünə verilmiş mikrokreditin məbləği 7,7 milyon manat olub və bu proqramlardan 46 min məcburi köçkün faydalanıb.

Ağdam rayonun Başqərvənd kəndindən olan Nərgiz Aslanova deyir ki, bu məsələlərə aktiv maraq görəstərənlərdən biri olsa da, nə hansısa proqramlardan, nə də mikrokreditlərdən xəbəri var.

Onun sözlərinə görə, hətta onlar özləri də dövlət qurumlarına müraciət etsələr də, bu istiqamətdə dəstək görməyiblər.

“Açığı mənim belə mikrokreditlərdən xəbərim yoxdur. Olsaydı götürə, daha sonra geri qaytara bilərdikmi, bilmirəm. Dövlətin bu istiqamətdə hansısa proqramından da xəbərsizəm və açığı mən ətrafımda müşahidə edirəm ki, məcburi köçkün gənclərin çoxu məlumatsızdır. Biz nəmişlik olan zavodda qalırıq dövlətdən dəfələrlə müraciət edib qalmağa yer istəmişik, nəticə olmayıb. Burada qeyri-hökumət təşkilatları müəyyən işlər görürlər, amma ona da insanlar isti baxmırlar ki, dövlət təşkilatı deyil. Yaxşı olardı ki, dövlət özü bu işləri görərdi və insanlar da öz həyatlarında hiss edərdilər”, - deyə Nərgiz Aslanova bildirib.

Məcburi köçkün deyir ki, o, işi özü axtarıb tapır deyə, iş problemi olmur. Ancaq işlədiyi işlərin əksəriyyətində aldığı məvacib minimum əməkhaqqının altında olur.

Onun sözlərinə görə, ətrafında olan xeyli məcburi köçkün gənc isə işsizdir: “Əksəriyyəti ali təhsilli, ixtisaslı gənclərdirlər, amma taksi şoferliyi edirlər”, - deyə Nərgiz Aslanova bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun