30 Aprel 2022
Mətni dəyiş
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya və Ukrayna mümkün müqavilə layihəsi ilə bağlı demək olar ki, hər gün videokonfransla danışıqlar aparır. O, bunu Çinin Sinxua agentliyinə müsahibəsində deyib, söhbətin stenoqramı Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
“Danışıqların gündəliyinə həmçinin denazifikasiya, yeni geosiyasi reallıqların tanınması, sanksiyaların ləğvi, rus dilinin statusu və digər məsələlər daxildir”, - nazir bildirib.
Lavrov qeyd edib ki, Rusiya danışıqların “yaxşı getməsə də” davam etdirilməsinin tərəfdarıdır. Onun sözlərinə görə, danışıqlara "Kiyevin Qərb himayədarlarının döyüşçü ritorikası və qızışdıran hərəkətləri" mane olur, bu da "əslində onları "son ukraynalıya qədər vuruşmağa", ölkəyə silah daşımağa və muzdlular göndərməyə sövq edir".
Sergey Lavrov ABŞ və NATO ölkələrini “dün yola qayıtmağa” və Ukraynaya silah tədarükünü dayandırmağa çağırıb. “Ukrayna xalqına stinqerlər və javelinlər yox, təcili humanitar yardımlar lazımdır. Rusiya 2014-cü ildən bu məsələ ilə məşğuldur”.
Ukrayna prezidenti Volodimir Zelenski aprelin 29-da bildirib ki, Rusiya ilə danışıqlar prosesi “çox ləng gedir” və “istənilən danışıqların” bitməsi riski yüksəkdir. “Məhz Rusiyanın harada olursa-olsun özündən sonra geridə qoyduğu nəticələrə görə. Onlar isə təxminən eynidir. Bizdə elə bir hiss var ki, onların qətl üçün təlimatı var və hamısı bizim işğaldan azad etdiyimiz və gördüyümüz müəyyən ərazilərdə eyni şəkildə fəaliyyət göstərir”, - Zelenski bildirib.