9 Aprel 2022
Mətni dəyiş
ABŞ-ın 42-ci prezidenti Bill Klinton “The Atlantic” qəzetinə yazdığı məqalədə bildirib ki, prezidentliyi dövründə Rusiya Federasiyasının birinci prezidenti Boris Yeltsinə, sonra isə onun varisi Vladimir Putinə Rusiyanın NATO üzvlüyünə daxil olması barədə təklif edib.
Klinton Rusiyanın “21-ci əsrdə böyük demokratiyaya çevrilməsi” üçün əlindən gələni etdiyini deyib. Onun sözlərinə görə, ABŞ Rusiya Federasiyasına Rusiya ordusunun Baltikyanı ölkələrdən çıxarılması üçün 1,6 milyard dollar ayırıb, Rusiya “Sülh naminə tərəfdaşlıq” proqramında və müxtəlif sülhməramlı missiyalarda iştirak edib, həmçinin sonradan ˝Böyük səkkizliy˝ə çevrilən “G7”yə dəvət edilib.
“Bütün bu müddət ərzində biz NATO-nun qapılarını Rusiyanın girişi üçün açıq saxlamışdıq, bunu mən Yeltsinə, sonra isə onun varisi Vladimir Putinə açıq şəkildə bildirmişdim”, - deyə Klinton bildirib. Keçmiş prezident ABŞ hakimiyyətinin Rusiyanı təcrid etməyə çalışması ilə bağlı iddiaları yalan adlandırıb.
˝Ümumilikdə, mən Yeltsinlə 18 dəfə, Putinlə isə beş dəfə - Yeltsin dövründə baş nazir olanda iki dəfə və prezidentlik müddətimizin üst-üstə düşdüyü 10 aydan çox müddət ərzində üç dəfə görüşmüşəm. Bu, 1943-cü ildən 1991-ci ilə qədər ABŞ və SSRİ liderlərinin bütün görüşlərindən cəmi üç görüş azdır. Bizim fikir verməməyimiz, hörmətsizlik etdiyimiz və ya Rusiyanı təcrid etməyə çalışdığımız barədə düşüncələr yalandır. Bəli, NATO Rusiyanın etirazlarına baxmayaraq genişləndi, lakin genişlənmə təkcə ABŞ-Rusiya münasibətləri ilə bağlı deyildi˝.
2017-ci ildə Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində Bill Klintona Rusiyanın NATO-ya daxil olmasını təklif etdiyini bildirib. Putinin sözlərinə görə, Klinton belə cavab verib: “Yaxşı, etiraz etmirəm” və Rusiya prezidenti deyib ki, bundan sonra “bütün Amerika nümayəndə heyəti əsəbiləşib”. 2022-ci ilin fevralında Putin bildirib ki, 2000-ci ildə Moskvaya səfəri zamanı Klintona belə bir təklif edib və ABŞ prezidentinin cavabı isə “çox təmkinli olub”.
1949-cu ildə yaradılan NATO-nun mövcudluğu dövründə Rusiya üç dəfə hərbi alyansa qoşulmağa cəhd edib. 1954-cü ildə Moskva Sovet İttifaqının NATO-ya qəbul edilməsini təklif edib. 1990-cı illərdə Boris Yeltsin də Rusiyanın alyansa qoşulmasını təklif etmişdi. 2000-ci ildə, artıq qeyd edildiyi kimi, Putin Klintonla danışıqlarda bu məsələni qaldırmışdı.