Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov haqqında hökm dəyişib.
Bakı Apelyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyilə çıxarılan qərara əsasən, onun cəzası 11 ildən 5 il 6 aya endirilib.
Hakimlər onun tərəfindən yeyinti nəticəsində dövlətə dəymiş 5 milyon 338 min 615 manatlıq ziyanın tam ödənilməsini yüngülləşdirici hal kimi nəzərə alıblar.
Zakir Sultanov Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirli bilinsə də, ona qanunvericilikdə nəzərdə tutulan cəzadan da daha aşağı həddə cəza təyin edilib.
Zakir Sultanov tarixi-mədəniyyət abidələrinin, binaların (muzeylər və s.) təmir-bərpası zamanı milyonlarla vəsaitin mənimsənilməsində ittiham olunurdu.
Onun həbsindən sonra qardaşı 4 milyon nağd pul şəklində ziyandan ödəmişdi.
Təxminən 2.5 milyon manatlıq əmlak da ziyanın ödənilməsinə yönəldilmişdi. Həmin əmlaklar arasında "Yapıkredibank”da 600 min avro vəsait, qızıl təsbeh və sikkələr, Zakir Sultanov həbs olunarkən evindən və iş otağından tapılan pullar da var.
Zakir Sultanov DTX əməkdaşlarının 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı nazir müavini Rafiq Bayramovla birlikdə saxlanılıb.
Rafiq Bayramovun işi üzrə istintaq yekunlaşdırılıb, iş məhkəməyə göndəriləndə Zakir Sultanovun işi ayrılıb.
Rafiq Bayramova Bakı Ağır Cinayətlər Məhkəməsi 8 il həbs cəzası kəsib. Lakin apellyasiya məhkəməsi cəzanı 4 ilə endirib.