Kanada və Yaponiya Ukraynadakı müharibəyə görə Rusiya şirkətlərinə və Rusiya vətəndaşlarına qarşı yeni sanksiyalar tətbiq edib.
Kanada hökuməti Rusiyanın 33 müdafiə müəssisəsinin sanksiyalara məruz qaldığını açıqlayıb. Xüsusilə, bunlar Moskva Fizika-Texnika İnstitutu, ˝Zvezda PJSC˝, ˝Vympel˝ gəmiqayırma zavodu, AES İstok, həmçinin ˝RSB-Group˝ özəl hərbi şirkətidir.
"Biz öz azadlıqları uğrunda mübarizə aparan cəsur kişi və qadınları dəstəkləməyə davam edəcəyik və vəhşiliklərə görə məsuliyyət daşıyanların cavab verməsini tələb edirik", - Kanadanın xarici işlər naziri Melani Coli deyib.
Yaponiya 398 Rusiya vətəndaşı və 28 Rusiya təşkilatına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Dövlət Dumasının 385 deputatından ibarət siyahıya Rusiya prezidenti Vladimir Putinin qızları olduğu iddia edilən Katerina Tixonova və Mariya Vorontsova, Rusiya xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı Mariya Lavrova və qızı Yekaterina Vinokurova, o cümlədən hərbi rəsmilər, Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı Nikolay Evmenov, Qara Dəniz Donanmasının komandanı admiral İqor Osipov, Rusiya Hərbi Hava Qüvvələrinin komandanı Sergey Dronov və başqaları daxildir.
Sanksiyalara həmçinin 26 müəssisəyə, o cümlədən NPK Texmaş ASC, Ryazan konstruktor bürosu Globus, Toropov adına Vympel dövlət maşınqayırma konstruktor bürosu da daxil edilib. Alfa-Bank və Sberbankın aktivləri dondurulub və mayın 12-dən onlarla hər hansı əməliyyatlar qadağan ediləcək.
Bu, Kanada və Yaponiyanın Rusiyaya qarşı tətbiq etdiyi ilk sanksiyalar deyil. Martın sonunda Kanada Federasiya Şurasının 160 üzvünə, Yaponiya 80 şirkətə və 25 fiziki şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib, xüsusən də prezidentin mətbuat katibi Dmitri Peskov, onun həyat yoldaşı Tatyana Navka və onların uşaqları Yelizaveta və Nikolay qara siyahıya salınıb.