İtaliya polisi Rusiyanın Ukraynaya hücumundan sonra sanksiya siyahısına salınmış beş rusiyalının 143 milyon avro (156 milyon dollar) dəyərində villa və yaxtalarını müsadirə edib.
“Reuters” agentliyinin məlumatına görə, bu barədə İtaliya hökuməti bildirib. Dəbdəbəli mülklər İtaliyanın ən prestijli yerlərində – Sardiniya adasında, Komo gölünün kənarında və Toskanada yerləşir. İki super yaxta isə şimal limanlarındakı yanalma məntəqələrində tutulub.
Polisin əməliyyatları Qərb dövlətlərinin varlı rusları cəzalandırmaq və Prezident Vladimir Putini qoşunlarını Ukraynadan çıxarmağa məcbur etmək üçün koordinasiyalı hərəkətinin bir hissəsidir.
Baş nazir Mario Draqinin ofisi tərəfindən verilən siyahıda polisin əlində olan ən qiymətli əmlakın 65 metrlik yaxta olduğu bildirilib. “Lady M” adlı yaxtanın qiyməti 65 milyon avrodur və Rusiyanın ən zəngin adamı Aleksey Mordaşova məxsusdur.
Sanremo limanında ələ keçirilən ikinci dəbdəbəli “Lena” gəmisinin qiyməti isə təxminən 50 milyon avro dəyərindədir. O, Putinin şəxsi tərəfdaşlarından biri kimi təqdim edilən Gennadi Timçenkoya məxsusdur.
Milyarder iş adamı Əlişir Usmanovun Aralıq dənizində yerləşən Sardiniya adasında dəyəri 17 milyon avro olan villası, Rusiya parlamentinin deputatı Oleq Savçenkonun isə Toskanadakı Luka şəhəri yaxınlığındakı 17-ci əsrə aid, təxminən 3 milyon avro dəyərində olan evi də ələ keçirilib.
Keçən ay İtalyadakı villalarını itirmək riskini bildiyi üçün Rusiya televiziyasından şikayət edən aparıcısı Vladimir Solovyevin Komoda 8 milyon avro dəyərində naməlum sayda əmlakı müsadirə edilib.
Solovyev efirdən “Amma siz bizə Avropanın müqəddəs mülkiyyət hüquqlarının olduğunu söylədiniz”, - demişdi.
Rusiyalı oliqarxlar son 20 il ərzində İtaliyada çoxlu sayda villalar alıblar və mənbələr yaxın günlərdə daha çox əmlaka həbs qoyulacağını bildiriblər.
Özbəkistan əsilli metal və telekommunikasiya maqnatı Usmanov Sardiniyada çoxlu mülklərə sahib olduğu üçün İtaliyada yaxşı tanınır.
İtaliya mediası isə iş adamı Mordaşovun eyni adada 66 milyon avro (72 milyon dollar) dəyərində villası olduğunu deyir.
“Forbes” jurnalı onun bütün ailəsinin sərvətlərini nəzərə alaraq hesab edir ki, sanksiyalara məruz qalana qədər Mordaşovun sərvəti 29,1 milyard dollar olub.
CISL həmkarlar ittifaqının Sardiniyadakı koordinatoru Mirko İdili xəbərdarlıq edib ki, sanksiyalar və bu yay zəngin rusların mövcudluğunun azaldılması adanın iqtisadiyyatına mənfi təsir göstərə və 1000-dən çox işi risk altında qoya bilər.