İsveçrə, Rusiyadan qaz təchizatında problem yaranarsa, cənubdan- Şimali Afrikadan İtaliyaya keçməklə “mavi yanacaq” almağa davam edə biləcək, həmçinin Azərbaycandan tədarük edəcək.
Bu barədə maliyyə agentliyi “AWP”yə İsveçrə Qaz Sənayesi Assosiasiyasından (VSG) Tomas Heqqlin məlumat verib.
“Rusiya qazının Avropaya nəqlində fasilələr yaranarsa, İsveçrə də öz istehlakını azaltmalı olacaq. Bununla belə, bütün istiqamətlərdə əlaqələrinə görə digər ölkələrlə müqayisədə üstünlüyə malikdir. Bildiyiniz kimi, Rusiyanın qaz tədarükünü dayandıra biləcəyi və ya Qərbin sanksiya tədbiri olaraq Rusiyadan qaz idxalını dayandırmağa qərar verə biləcəyi ssenarilərimiz var. Biz buna hazır olmalıyıq”, - Tomas Heqqlin bildirib.
Onun sözlərinə görə, Rusiya qaz təchizatında çatışmazlıq, ən azından qısamüddətdə və həmçinin istehlakı azaltmadan Avropa daxilində tam kompensasiya etmək mümkün deyil: “İsveçrədə çatışmazlıq olsaydı, Konfederasiya iki yanacaqlı istehlakçılar üçün (təbii qazı əvəzləyə bildiyi) mazuta keçid də daxil olmaqla tədbirlər görər, qənaətə çağırışları edər və böyük istehlakçılar üçün tələblər məhdudlaşdırılardı. Ancaq İsveçrəyə qaz tədarükünün təhlükəsizliyi boyük əksəriyyəti ilə təmin olunur. Qiymətlər müstəsna yüksək səviyyədə olsa da, sənaye üçün kifayət qədər qaz olmalıdır”.
“Gələcək qışda qaz təchizatını təminat altına almaq böyük problemə çevrilə bilər. Bu səbəblə, Federal Şura artıq martın əvvəlində tədbirlər haqqında qərar verib. Beləliklə, qaz şirkətlərinin birgə qaz, anbar tutumu və mayeləşdirilmiş təbii qaz (LNG) birgə alınımına davam edə biləcəkləri gözlənilir.” - VSG sözçüsü bildirib.
Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.
TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.
Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Azərbaycan qazının TAP vasitəsilə Avropaya ümumi təchizatı 10 milyard kubmetrə çatıb. Hazırda TAP vasitəsilə Avropaya gündəlik 28 milyon kubmetrdən çox qaz verilir.
2022-ci ildə Azərbaycandan Türkiyəyə qaz ixracı 8,2 milyard kubmetr, Avropaya isə 9,1 milyard kubmetr təşkil edəcəyi gözlənilir.
2021-ci ildə Azərbaycan 19,2 milyard kubmetr, o cümlədən Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib.