İspaniya polisi ABŞ-ın tələbilə rusiyalı oliqarx Viktor Vekselberqə aid yaxtaya həbs qoyub.
Mayorka adasında həbs qoyulan 78 metr uzunluğundakı "Tanqo" adlı yaxtanın ümumi dəyərinin 90 milyon avro ətrafında olduğu ehtimal olunur. Polis yaxta ilə bərabər içindəki sənədləri və kompüterləri də müsadirə edib. Rusiyanın ən böyük alüminium istehsalçısı "Rusal", avadanlıq istehsalçısı "Sulzer" və "Oerlikon" kimi şirkətlərdə pay sahibi olan, Renova şirkətinin idarə heyətinin sədri olan Vekselberqin 16,3 milyard dollar sərvəti var. Rusiyanın Ukraynaya işğal əməliyyatından sonra ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaların çərçivəsinə düşən Vekselberq hələlik yaxtasının müsadirə edilməsilə bağlı heç bir açıqlama verməyib. İspaniya polisi son günlərdə ABŞ-ın tələbilə rus oliqarxlara məxsus 3 yaxtanı müsadirə edib.