İlham Əliyev: "Biz qazı bərpa etdik və ermənilər bunu qiymətləndirməlidirlər"

İlham Əliyev: "Biz qazı bərpa etdik və ermənilər bunu qiymətləndirməlidirlər"
13 Aprel 2022
Mətni dəyiş

Azərbaycan prezidenti İlham Əliyev Xankəndinin qaz problemi ilə bağlı açıqlama verib. O, bu barədə aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə danışıb. 

Əliyev deyib ki, Birinci Qarabağ Müharibəsindən sonra 2005-ci ilə qədər Naxçıvanın qazlaşdırılmasında problem yaranıb və bu problemi Ermənistan yaradıb, ancaq heç bir beynəlxalq təşkilat buna reaksiya verməyib.

"Bir həftə Xankəndidə qaz olmayanda adam qalmayıb ki, bizə zəng etməsin - Amerikadan tutmuş Avropaya qədər. Birincisi, Avropanın özündə elə ölkələr var ki, orada qaz yoxdur, ümumiyyətlə yoxdur, qazlaşdırma aparılmayıb. İndi mən ad çəkmək istəmirəm. Elə ölkələr var ki, qazlaşdırmanın səviyyəsi 3-5 faizdir. Orada humanitar fəlakət hökm sürür? Bunlar bir həftə qazsız qalıblar, bu, humanitar fəlakətdir?", - deyə Əliyev sual edib.

Prezident əlavə edib ki, hazırda qaz bərpa olunub və ermənilər bunu qiymətləndirməlidirlər.

"Biz indi qazı bərpa etmişik və ermənilər bunu qiymətləndirməlidirlər. Biz, sadəcə olaraq, xoş niyyət göstərmişik. İstəməsəydik, bərpa etməzdik. Kim bizə söz deyə bilər? Biz borclu idik onu bərpa etməyə? Yox! Bərpa etdik, ümid edirik, onlar da anlayacaq ki, Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycan bayrağı altında yaşamalıdırlar və yaşayacaqlar. Bunu nə qədər tez başa düşsələr, onlar üçün o qədər yaxşı olacaq", - deyə o, əlavə edib.

Bir müddət əvvəl Azərbaycanın ermənilər yaşayan Xankəndi ərazisinə qaz verilişində problem yaranıb. Ermənistan tərəfi bildirib ki, Ermənistandan Xankəndiyə gedən qaz kəmərinin Azərbaycandan keçən hissəsində problemlər yaranıb və Azərbaycan tərəfi bunu bərpa etməyə imkan vermir.

Azərbaycan tərəfi isə öz növbəsində qaz kəmərinin Azərbaycandan keçən hissəsinin bərpa olunduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun