İKT mütəxəssisi: "Monopoliya fəaliyyəti Azərbaycanda yüksək sürətli optik internetə keçidi gecikdirir"

İKT mütəxəssisi: "Monopoliya fəaliyyəti Azərbaycanda yüksək sürətli optik internetə keçidi gecikdirir"
14 Aprel 2022
Mətni dəyiş

Azərbaycanda tez-tez müzakirə olunan mövzulardan biri də informasiya-kommunikasiya texnologiyaları sahəsində olan problemlərdir. Ölkə əhalisi nə ölkədəki internetdən, nə də onun qiymətindən razı görünür. Xüsusən, regionlarda insanlar internetə çatımlılıqla bağlı ciddi problemlər yaşayırlar.

Lakin 2012-ci ildə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində bu problemlər böyük ölçüdə öz həllini tapmalı idi.

Konsepsiyada deyilirdi ki, İKT infrastrukturu inkişaf etdiriləcək, əhaliyə müasir elektron xidmətlərin göstərilməsi imkanları genişləndiriləcək, kənd yaşayış məntəqələri də daxil olmaqla, ölkə ərazisində genişzolaqlı, ucuz və keyfiyyətli internetə çıxış təmin ediləcək.

AbzasMedia mövzu ilə əlaqədar Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sorğu ilə müraciət edib.

Qurumdan bildirilib ki, 2020-ci ilədək respublikanın regionlarında IKT sahəsində həyata keçirilmiş tədbirlərə dair məlumat verilməsi barede 6 noyabr 2021-ci il tarixli müraciətinize Rəqəmsal İnkişaf və Neqliyyat Nazirliyində baxılıb.

Qeyd edilib ki, Azerbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"nin tedbirlər planının icrası çərçivəsinde müvafiq tədbirler görülərək respublikada əhalinin daha çox məskunlaşdığı Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron, Masallı rayonlarında 450 minədək abunəçini əhatə edən şəbəkədə yenidenqurma işləri həyata keçirilib, 330 min abuneçi şəbəkəsi müasir texnologiya (GPON/FTTH) əsasında yenidən qurulub, 2500 km-dən çox fiber-optik kabel xətləri çəkilerek şebekenin 70%-i fiber optik xətlə əhatə olunub, 17800 port tutumlu simsiz texnologiya (LTE) şebekesi tikilerek abunəçilerin istifadəsinə verilib, regionlarda magistral transmissiya şəbəkəsi müasir texnologiyalar (IMS və DWDM) əsasında yenidən qurulub.

İKT üzrə ekspert Fərid Zeynalov deyir ki, bu istiqamətdə müəyyən işlər görülür.

Onun sözlərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yeni rəhbərliyi sistemli şəkildə fəaliyyət göstərir.

“Bilirsiniz ki, əsasən yalnız Bakıda genişzolaqlı internetdən istifadə olunur, rayonlarda bu yoxdur. Hazırda müxtəlif regionlarda Rəqəmsal İnkişaf Nazirliyinin dəstəyilə internet verilişi təmin edilir. Elə dağ kəndi var ki, ora simli interner xətti çəkmək müşkül məsələdir, ona görə də, orada mobil internet təminatı həyata keçirilir. Ancaq bütün hallarda nazirliyin yeni rəhbərliyi elan etdi ki, 2 il ərzində Azərbaycanda internetsiz region qalmayacaq. İndi yarım il keçib, il yarım da gözləyək görək hədəfə çıatılacaqmı?”, - deyə ekspert bildirib.


İKT mütəxəssisi Vahid Qasımov isə deyir ki, hazırda regionlarda bir dənə də olsun özəl provayder fəaliyyət göstərmir.


İKT mütəxəssisi Vahid Qasımov

Onun sözlərinə görə, hökumət burada bütün xidmətləri öz üzərinə çəkmək istəyir.

“Hazırda biz görürük ki, evlərə müəyyən xətlər çəkilir və burada əsas məqsəd odur ki, hər kəs bu optik xətlər üzərindən interneti birbaşa dövlət xəttindən alsın. Bu monopoliya fəaliyyəti rəqabət mühitini tamamilə öldürdüyünə görə, ümumiyyətlə Azərbaycanda yüksək sürətli optik internetə keçid gecikir. Əgər bütün dünyada bu istiqamətdə sürətli inkişaf varsa, ancaq sizdə inkişaf dayanıbsa, aydın məsələdir ki, bu istiqamətdə geriləmiş olursunuz”, - deyə Vahid Qasımov bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun