İctimai fəal Bəxtiyar Hacıyev qaçırılaraq işgəncələrə məruz qaldığını deyir

İctimai fəal Bəxtiyar Hacıyev qaçırılaraq işgəncələrə məruz qaldığını deyir
23 Aprel 2022
Mətni dəyiş
İctimai fəal Bəxtiyar Hacıyev aprelin 21-də naməlum şəxslər tərəfindən qaçırılaraq təhqirlərə və təzyiqlərə məruz qaldığını deyir. Bu barədə o, öz ˝Facebook˝ səhifəsində məlumat verib.
B.Hacıyev qeyd edib ki, aprelin 21-i, saat 23 radələrində evə getmək üçün M.Naxçıvani və Z.Əhmədbəyov küçələrinin kəsişməsində avtomobilinə yaxınlaşarkən zibil qablarının arasından bir nəfər üstünə hücum çəkib. Həmin anda 4 nəfər qara maskalı şəxs onu zorla maşına əyləşdirərək, başına qara torba keçirib və naməlum istiqamətdə aparıblar.
Fəalın sözlərinə görə, torbanın üzərindən yapışqan lentlə gözlərini, əllərini bağlayıb, ətrafdakı səsləri eşitməməsi üçün qulağına torbanın üstündən qulaqlıqlar taxıblar.
˝Bir müddət getdikdən sonra məni düşürüb başqa maşına keçirdilər. Bu maşında isə başqa 4 nəfər vardı. Onlar da eyni qaydada naməlum istiqamətdə sürməyə davam etdilər, bir müddət sonra məni qaranlıq bir yerdə, mənzilin hamam hissəsinə gətirdilər. Burada gözlərimi açıb, məni təhqir etməyə başladılar, tələb etdilər ki, V.Eyvazovla bağlı tənqidi postlarımı kimin tapşırığı ilə yazdığımı deyim. Mən heç kimdən tapşırıq almadığımı deyəndə paltarımı çıxarıb, üzərimə sidik ifraz etmək kimi nalayiq davranışlarla tələb etdilər ki, Vilayət Eyvazov və Fuad Muradov ilə bağlı postlarımı silim və bu tələblə əksər postları sildirdilər (Sonuncu postlarım şəhid yoldaşlarını aldadaraq onlardan pul tələb edən, özünü DİN-ə yaxın sayan, həbs edilməmiş dələduzlarla bağlı idi). Mən "Allahınız olsun" deyəndə müqəddəs Ramazan ayında Allaha qarşı çox təhqiramiz söyüşlər söydülər. "Allahı saymırsınızsa, İlham Əliyevin xətrinə" deyəndə isə təhqiramiz hərəkətlərini davam etdirdilər˝.
B.Hacıyev bildirib ki, bütün proses Go-Pro vasitəsilə çəkilib. Ona nazirlə bağlı tənqidlərini davam etdirəcəyi təqdirdə zorlamaq və öldürməklə bağlı xəbərdarlıq ediblər. Bundan sonra yenidən gözlərini bağlayaraq naməlum yerə aparıblar.
Fəalın sözlərinə görə, orada da başqa maşın və 4 şəxs təhvil onu alıb. Bir müddətdən sonra onu qaranlıq, düzənlik bir yerdə gözləri və əlləri arxadan yapışqan lentlə bağlı şəkildə maşından düşürüblər.
˝Mən əllərimi və gözlərimi açanda ərazidən uzaqlaşmışdılar. Ətrafda yol, maşın, yaşayış yox idi. Bir müddət gözlədikdən sonra əraziyə daş boşaldan bir Kamazın gəldiyini gördüm. Sürücü məni yol kənarına qədər gətirdi, oradan da taksi ilə şəhərə qayıtdım. Sürücü məni götürəndə ərazinin Ramana qəsəbəsi olduğunu dedi˝.
Bəxtiyar Hacıyev baş verən hadisənin dövlət səviyyəsində cinayətkarlıq, mafiya davranışı, bütün mənəvi, insani dəyərlərin aşılması olduğunu qeyd edib. O, məsələ ilə bağlı dünən bir neçə rəsmi şəxsə və quruma müraciət etdiyini sözlərinə əlavə edib.
˝Mənə ölkə rəhbərinin məsələdən məlumatlı olduğu bildirildi. Dünən deyildi ki, V.Eyvazov sizinlə görüşəcək, bu hadisənin DİN tərəfindən həyata keçirilmədiyi barədə məlumat veriləcək. Xahiş edildi ki, səbrli olum və nazirin mövqeyini gözləyim. Mən də gözlədim.
Sonra deyildi ki, bu gün səhər nazir görüşəcək. Məni DİN-ə apardılar, orada isə nazirin müavini İsmət Əliyev görüşdü. İlk 10-15 dəqiqədən artıq məlum oldu ki, görüşü davam etməyin mənası yoxdur, çünki, indiyə qədər rəsmi açıqlamalarında verdikləri açıqlamalardan fərqli heç nə demədilər. "Tofiq Yaqublu özü-özünü döyüb", "Sizi döyməmişik, fiziki güc tətbiq etmişik", "Amerika polisinə baxanda biz polis deyilik, vətəndaş kimi sizinlə humanist davranırıq", "dünyanın hər yerində özünə xəsarət yetirmək istəyənləri polis döyür" və s. və ilaxır˝.
İctimali fəal qeyd edib ki, son 1 ildə baş verənlər onda sonuncu qaramaskalı şəxslərin əməliyyatının da arxasında məhz DİN-in dayanması barədə qəti fikir formalaşdırır.
B.Hacıyev bildirib ki, bundan sonra onun həyatına, sağlamlığına xəsarət verəcək hər bir addımın məsuliyyəti Daxili işlər naziri Vilayət Eyvazovun və prezident İlham Əliyevin üzərində qalacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun