Hökumət uşaq bağçalarının təkmilləşdirilməsi ilə bağlı vədini yerinə yetiribmi?

Hökumət uşaq bağçalarının təkmilləşdirilməsi ilə bağlı vədini yerinə yetiribmi?
30 Aprel 2022
Mətni dəyiş

Bağçalar uşaqları cəmiyyətə şəxsiyyət kimi hazırlayan təməl təhsil və tərbiyə müəssisələrindən biridir. Həyatı hər gün bir az da kəşf edən, hər gün bir az böyüyən körpələrin ilk addımlarının düzgün formalaşdırılması onların gələcəyi üçün də vacib amillərdəndir. Dövlətin isə bu istiqamətdə üzərinə düşən vəzifə valideynlər və uşaqlar üçün bu şəraiti yaratmaq, hətta təmin etməkdir.

Ancaq Azərbaycanın bir çox bölgəsində bağçaların olmaması və olan bağçalarında uşaqların sayı ilə müqayisədə yetərli olmaması artıq hər kəs üçün aydın problemdir.

Halbuki Prezident İlham Əliyevin 2012-ci ildə təsdiq etdiyi “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında bu məsələnin öz həllini tapacağı nəzərdə tutulurdu.

Bəs, görəsən, bu istiqamətdə atılan addımlar yetərli oldumu?

AbzasMedia uzun müddət bağçaların Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərdiyini nəzərə alaraq, quruma sorğu ilə müraciət edib. İcra Hakimiyyətindən sorğuya cavab olaraq bildirilib ki, 2012-ci ildən etibarən fəaliyyətə keçirilən işlər nəticəsində 19 bağça sökülərək yenidən tikilib, 6 yeni korpus inşa edilib və 7 yeni müəssisə yaradılıb.

Təhsil eksperti Emin Məhərrəmov deyir ki, bağçaların fəaliyyətinin effektiv olması üçün təkcə inrastruktur qurmaq kifayət deyil, orda fəaliyyət göstərən müəllim personalının da sosial vəziyyəti yaxşı olmalıdır.

Onun sözlərinə görə, bütün bunlar təmin olunmadan müsbətə doğru nəticə əldə etmək olmaz.

“Finlandiya nümunəsi var. Orada bağçada uşaqlara heç nə öyrətmirlər, sadəcə hər şeyi göstərirlər və belə yetişdirirlər. Orada bağça müəllimləri orta sinfin nümayəndələri hesab edilirlər. Bəs Azərbaycanda vəziyyət belədirmi? Biz bunu təşkil etməmiş müsbət nəticə gözləyə bilmərik”, - deyə Emin Məhərrəmov bildirib.

Emin Məhərrəmov deyir ki, ikinci əsas problem bağçaların hər yerdə əlçatan olmamasıdır.

Onun sözlərinə görə, Bakıda əksər valideynlər bir şəkildə uşaqları həyata hazırlaya bilirlər, ancaq əyalətlərdə bu, sual altındadır.

“Bütün hallarda övladlarının bağça yaşlarında valideynlər də onlara xüsusi diqqət göstərməlidir. Çünki bu dövrdə dövlət ancaq minimum tərbiyə ilə təmin edə bilir, əsas iş valideynlərin üzərinə düşür”, - deyə təhsil eksperti Emin Məhərrəmov bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun