"Hökumət peşə təhsili müəssisələrindən siyasi elektorat kimi istifadə edib"

"Hökumət peşə təhsili müəssisələrindən siyasi elektorat kimi istifadə edib"
20 Aprel 2022
Mətni dəyiş

Son illər ali təhsil müəssisələrinə sənəd verənlərin sayında azalma, peşə və orta-ixtisas təhsilinə yönələnlərin sayında isə artım müşahidə olunur.

Hökumət nümayəndələri buna səbəb kimi peşə təhsili sahəsində islahatların aparılmasını göstərsə də, ictimaiyyət bunu Azərbaycan universitetlərinə qəbul şərtlərinin çətinliyi,
təhsilhaqlarının isə bahalığına görə ailələrin məcburiyyətdən övladlarını peşə təhsili sahəsinə yönəltmələri ilə əsaslandırır.

Göstərilən problemlərdən biri də orta məktəblərdə dərslərin keyfiyyətinin aşağı olması və gənclərin təhsilə maraq göstərməməsidir.

B
əs, görəsən, peşə təhsili sahəsində real vəziyyət necədir?

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində bu istiqamətdə atılacaq addımlarla bağlı deyilirdi ki, peşə təhsili infrastrukturu əsaslı şəkildə müasirləşdiriləcək, peşə təhsilinə cəlb olunan vətəndaşların sayı artırılaraq, ölkə iqtisadiyyatının tələbatı ilə uzlaşdırılacaqdır.

AbzasMedia məsələ ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə informasiya sorğusu ilə müraciət edib.

Nazirlikdən bildirilib ki, 2021/2022-ci tədris ili peşə təhsili müəssisələrinə tələbə qəbulu həyata keçirilib. “Portal.edu.az” platforması üzərindən elektron qaydada həyata keçirilən tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılıb. Peşə təhsili müəssisələrinə qəbul üçün ümumilikdə 24600-dan müraciət daxil olmub, 16594 nəfər tələbə adını qazanıb. Ötən illə müqayisədə qəbul olan şəxslərin sayı 12 faiz artıb.


Qeyd olunub ki, peşə təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması ilə bərabər, sayı da artırılıb. Eyni zamanda, ölkənin kadr ehtiyacını təmin etmək məqsədilə dövlətin ehtiyac duyduğu sahələr üzrə ixtisaslar müəyyən edilərək tədris proqramına salınıb.

Təhsil eksperti Nadir İsrafilov deyir ki, peşə təhsili sahəsində görülən işlərin effektivliyi, ölkənin kadr tələbatına nə qədər uyğunlaşdırılması mübahisəli mövzudur.

Təhsil eksperti Nadir İsrafilov

Onun sözlərinə görə, buna baxmayaraq, müəyyən nəticələr var.

“Bizdə indi bütün bunlara Təhsil Nazirliyi baxır, amma müstəqillikdən əvvəl Texniki Peşə Komitəsi var idi, Ali və Orta İxtisas Təhsili üzrə nazirlik ayrı idi, Maarif Nazirliyi ayrı idi. Müstəqillikdən sonra bu qurumlar arasında birləşmə getdi və texniki peşə məktəblərinə diqqət azaldı. Yəni, nəzarətdən çıxdı. Hətta o peşə kolleclərində olan avadanlıqlar da hərraca çıxarıldı. Bundan sonra 2015-ci ildə Olimpiya Oyunları keçiriləndə, ovaxtkı təhsil naziri Mikayıl Cabbarov açıqlama verərək dedi ki, biz xaricdən gələn qonaqlara xidmət etməyə peşələr üzrə normal kadr tapa bilmirik. Bundan sonra ölkə başçısı İlham Əliyev gənclərlə görüşündə peşə təhsilinin vacibliyini vurğuladı. Yalnız bundan sonra müxtəlif peşələrə axın başladı. Koreya Respublikası ilə müqavilələr imzalandı və peşə məktəbləri tikildi. Yəni, peşə məktəbləri sahəsi irəliyə doğru inkişaf edir”, - deyə təhsil eksperti Nadir İsrafilov bildirib.

Ancaq digər təhsil eksperti Nabatəli Qulamoğlu bildirir ki, ölkədə təhsil sahəsində inkişaf olmadığı kimi, təhsilin bu istiqamətində də hansısa uğurdan danışmaq olmaz.


təhsil eksperti Nabatəli Qulamoğlu

Onun sözlərinə görə, bu peşə məktəblərinin ölkənin kadr potensialı üçün ciddi qatqısı olduğunu demək olmaz.

“Ümumiyyətlə demək olmaz ki, bu peşə məktəblərinin ölkənin kadr bazasına ciddi qatqısı var. Biz bu məktəblərdən keçən gənclərin də müxtəlif sahələrdə uğur qazandığını görə bilmirik. Bunlar təhsilin inkişaf yolları deyil, təhsilin inkişaf yollarından boyun qaçırmaqdır. Peşə Təhsili müəssisələrindən bu hökumət indiyə kimi siyasi elektorat kimi istifadə edib. Belə məktəblərin heyəti seçki saxtakarlığına cəlb edilib. Dediyim kimi, təhsil bu hökumətin marağında olmadığı kimi, peşə təhsili də marağında deyil”, - deyə ekspert Nabatəli Qulamoğlu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun