Hesabat: “Vətəndaş cəmiyyəti institutları donor problemi yaşayır”

Hesabat: “Vətəndaş cəmiyyəti institutları donor problemi yaşayır”
1 Aprel 2022
Mətni dəyiş

“'İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında' Konvensiyaya və digər beynəlxaq sənədlərə qoşulmasına rəğmən, Azərbaycanda bu sahədə vəziyyət çox acınacaqlıdır”.

Bu fikir ”İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” İctimai Birliyinin mart ayındakı hesabatında öz əks olunub.

Hesabatda Azərbaycanda ifadə azadlığının və siyasi hüquqların hər addımda pozulduğunu qeyd olunub:

“Hesab edirik, hüquqpozmaların qarşısının alınmasında beynəlxalq təşkilatlar da öz töhfələrini verməlidirlər. Bunun üçün beynəlxalq təşkilatlar, diplomatik korpuslar, vətəndaş cəmiyyəti institutları ilə sıx münasibətlər qurmalı və onlarla tez-tez görüşlər keçirib, dəstəklərini ifadə etməlidirlər. Əks təqdirdə, Azərbaycan hakimiyyəti müstəqil fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarını, qeyri-hökumət təşkilatlarını sıradan çıxaracaq”.

“Nəzərə alaq ki, vətəndaş cəmiyyəti institutları donor problemi yaşayır və hökumətdən asılı olmayan təşkilatların ofisləri belə yoxdur”, – deyə mərkəz bildirib.

Hesabatda insan hüquq və azadlıqlarının pozulduğunu göstərən konkret faktlar da sadalanıb:

“AXCP fəalı Şahin Hacıyev sosial şəbəkələr üzərindən Prezident İlham Əliyevi tənqid etdiyinə görə qurama (narkotik) ittihamla həbs olunub və 6 il azadlıqdan məhrum olunub. Azərbaycan Demokratiya və Rifah Partiyasının bir qrup üzvü Rusiya səfirliyi qarşısında keçirmək istədiyi aksiya polis tərəfindən kobudluqla və zorakılıqla dağıdılıb, onlarla partiya fəalı saxlanılıb və bir müddət sonra sərbəst buraxılıblar. Aksiyanın fəal iştirakçısı Elşən Əliyevə 15 sutka həbs cəzası verilib”.

“Hakimiyyət prinsipial vəkillərə qarşı ayrı-seçkiliyini davam etdirir. Vəkil Elçin Sadıqovun BMCMİ-də müdafiə etdiyi şəxslə görüşməsinə icazə verməyib. İctimai fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyinin qarşısında keçirdiyi dinc aksiya zamanı polis işçiləri tərəfindən şəxsi avtomobilinin şüşələri sındırılıb, özü isə kobud formada saxlanılıb. Bəxtiyar Hacıyev saxlanılan zaman işgəncəyə və qeyri-insani rəftara məruz qaldığını bildirib”, – deyə təşkilat qeyd edib.

Bundan əlavə, təşkilat media mənsublarına da təzyiqlərin olduğunu vurğulayıb.

Mərkəz resusları daxilində insan hüquqlarına dair aylıq hesabatını həm ölkə ictimaiyyətinin, həm də beynəlxalq təşkilatların, diplomatik korpusların diqqətinə çatdıracağını bildirib.

Azərbaycanın müvafiq orqanları hesabat barədə münasibət bildirməyiblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun