Ficinin Lautoka limanında polis rusiyalı iş adamı və senator Süleyman Kərimova məxsus olduğu güman edilən "Amadea" yaxtasını saxlayıb.
Bu barədə 'Reuters' xəbər yayıb. Məlumata görə, Fici hakimiyyəti gəminin müvafiq icazə olmadan ərazi sularına daxil olduğunu, xüsusən də gömrük nəzarətindən keçmədiyini düşünür. Yaxtanın kapitanı polis tərəfindən dindirilir.
Ficidə "Amadea"nın maraqlarını təmsil edən "Baobab Marine" şirkəti öz növbəsində Reuters agentliyinə bildirib ki, adanın limanına daxil olmaq üçün lazım olan bütün prosedurlar vaxtında tamamlanıb. "Baobab Marine" həmçinin iddia edir ki, Kərimovun gəminin sahibi olması barədə məlumat “reallığa tam uyğun gəlmir".
Kərimovun sanksiyalar altında olduğu ABŞ və Avropa İttifaqının hakimiyyət orqanları Fici hakimiyyəti ilə əməkdaşlıq etdiklərini açıqlayıblar.
Rusiyanın Ukraynaya təcavüzündən sonra ən böyük şirkətlərə nəzarət edən bir çox ruslar Avropa İttifaqı, ABŞ və bir sıra digər ölkələrin sanksiya siyahısına daxil edilib. Viktor Vekselberq, Aleksey Mordaşev, İqor Seçin, Andrey Melniçenko və digər iş adamlarına məxsus olduğu güman edilən yaxtaların saxlanması barədə məlumat verilib.