Fəallar hakimiyyətin tənqidçilərinə qarşı zorakılığa son qoymağı tələb edirlər

Fəallar hakimiyyətin tənqidçilərinə qarşı zorakılığa son qoymağı tələb edirlər
28 Aprel 2022
Mətni dəyiş

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət böyük bir qrup ölkə hakimiyyətinə müraciət edərək, öz tənqidçilərinə qarşı fiziki zorakılığa son qoymağa çağırıb. Müraciətdə deyilir:

"Biz, aşağıda imza atanlar Azərbaycan iqtidarına, Azərbaycan xalqına və demokratik dünya birliyinə bu müraciəti Azərbaycanda işgəncə və zorakılığın bir siyasi alətə çevrilməsindən ciddi narahatlıq hissi keçirərək edirik. Təəssüf ki, ölkəmizdə hakimiyyətin diskreditasiya etmək istədiyi ictimai-siyasi fəalları ayrı-ayrı vaxtlarda ya hüquq-mühafizə (çox vaxt da polis) orqanlarında, ya da naməlum mülki dəstələrin əli ilə fiziki zorakılığa məruz qoyub, "cəzalandırmaq" təcrübəsi geniş yayılmaqdadır. Ən pisi həm də odur ki, belə qanundan kənar əməllərin heç birinə görə qanuni məsuliyyət tədbirləri görülmür. Azərbaycanın vətəndaş cəmiyyətini şoka salan növbəti belə cinayət 21 aprel 2022-ci ildə ictimai-siyasi fəal Bəxtiyar Hacıyevə qarşı tərədilib. Onu faktiki oğurlayaraq naməlum bir ünvana aparıblar, orada daxili işlər naziri Vilayət Eyvazov haqqında tənqidi çıxışlarına görə hədələyiblər, təhqirə və alçaldıcı rəftara məruz qoyublar. Ona təzyiq edərək, sosial şəbəkə hesabından ölkə başçısı İ.Əliyevi və nazir V.Eyvazovu tənqid edən bir neçə yazısını sildiriblər. Başına gətirilənlər barədə B.Hacıyev özü ictimaiyyətə geniş açıqlamalar verib. B.Hacıyev başına gələnləri ictimailəşdirəndən sonra daxili işlər naziri V.Eyvazov onunla görüşüb, bu işə aidiyyatlarının olmadığını deyərək cinayətkarların tapılıb cəzalandırılacağını vəd edib. Bu xüsusda buna qədər gördüyümüz pis nümunələr nazirin vədinə nikbin yanaşmağa imkan verməsə də, cəmiyyət olaraq, bu cinayəti törədənlərin həqiqətən də tapılıb məsuliyyətə cəlb ediləcəyini gözləyirik. Əks təqdirdə törədilən cinayətin arxasında siyasi hakimiyyətin dayandığı, bundan əvvəlki analoji hadisələrə münasibətdə olduğu kimi, səssizcə etiraf edilmiş olacaq.

Xatırlatmaq istəyirik ki, Azərbaycan siyasətinin tanınmış simaları - AXCP sədri Əli Kərimli, Milli Şura və Müsavat Partiyası üzvü Tofiq Yaqublu, mərhum istiqlalçı deputat İbrahim İbrahimli 19 oktyabr 2019-cu ildə keçirilən mitinq zamanı polisin ağır işgəncələrinə məruz qalmışdı, lakin prokurorluq və başqa dövlət orqanları bütün cəmiyyətin şahid olduğu bu faktları danmışdı. Tofiq Yaqublu 2021-ci ilin dekabrında siyasi məhbus Saleh Rüstəmliyə azadlıq tələbilə keçirilən aksiyada saxlanılandan sonra da həm polis bölməsində, həm də kənarda çox qəddarlıqla döyülmüşdü və dövlət orqanları gülünc bir iddia ilə - guya Tofiq Yaqublunun özü özünü döydüyünü deməklə mövzunu bağlamağa çalışdı. Eləcə də bunlardan əvvəl və sonra ictimai-siyasi fəallara qarşı trədilmiş zorakılıq və işgəncə faktları da dövlət səviyyəsində ört-basdır edilib.

Biz, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ölkənin siyasi rəhbərliyinə çağırış edirik ki, öz opponentlərinə və tənqidçilərinə qarşı fiziki zorakılıq və işgəncə kimi anti-insani əməlləri durdursun. Əgər dövlət orqanlarının iddia etdiyi kimi, bu əməllərin arxasında siyasi hakimiyyət və rəsmi strukturlar dayanmırsa, onda bu cinayətləri törədənlərin nəyə görə tapılıb məsuliyyətə cəlb edilmədiyi sualına cavab verilməlidir. Ümumi sözlərlə və hadisələri zamanın axarında unutdurmağa çalışmaqla xalqı aldatmaq çıxış yolu deyil. Azərbaycan hakimiyyəti dəyişən dünyanın çağırışlarını düzgün qavramalı, nəhayət, ölkədə gerçək müxalifətin və vətəndaş cəmiyyətinin, müstəqil medianın mövcudluğu ilə barışmalı, fundamental hüquq və azadlıqlara hörmətlə yanaşmalı, zorakılığı və repressiyanı bir siyasi alət kimi görməkdən birdəfəlik imtina etməlidir.

Biz demokratik dünya birliyinə də müraciət edirik ki, zorakılığın və repressiyanın Azərbaycan siyasətindən silinməsi üçün təsirli tədbirlər görsün. Təəssüflə qeyd edirik ki, Azərbaycan hakimiyyətinin öz rəqibləri və tənqidçiləri ilə zor dilində danışa bilməsində beynəlxalq birliyin də məsuliyyət payı var. Azərbaycanda zorakılığın və repressiyanın dövlət siyasətinə çevrilməkdə olduğu Nardaran əməliyyatında inanclı insanlara, Tərtər hadisələrində hərbçilərə (onlardan ən azı 12 nəfəri öldürülməklə), 2020-ci ildəki Qarabağ yürüşündən sonra AXCP funksionerləri başda olmaqla, onlarla ictimai-siyasi fəala kütləvi şəkildə, eləcə də ayrı-ayrı epizodlar üzrə olmaqla çoxlu sayda başqa ictimaiyyət və siyasət nümayəndəsinə fərdi şəkildə ağır işgəncələr tətbiq ediləndə görünürdü. Beynəlxalq birlik məhz o zamanlarda buna kəskin münasibətini bildirməli, Azərbaycan hakimiyyətini belə əməllərin təkrarından çəkindirməyi bacarmalı idi.

Çox təəssüf ki, beynəlxalq birlik Avropa ölkəsi olan Azərbaycanda insan hüquq və azadlıqlarının davamlı məhdudlaşdırılmasına, siyasi rəqabət imkanlarının, azad medianın, müstəqil məhkəmə və vəkillik institutunun aradan qaldırılmasına, seçkilərin daim saxtalaşdırılmasına, korrupsiyanın dövlət siyasətinə çevrilməsinə, siyasi məhbuslar probleminin illəridir həll olunmamasına və s. görə Əliyevlər hakimiyyətinə onu islah edəcək həddə tələbkar münasibət göstərməyib. Əksinə, demokratik dünyanın dəyər və prinsiplərinə zərbə vuran belə bir naqis mühitə baxmayaraq, Azərbaycan iqtidarı ilə yaxından əməkdaşlıq edib, bu da ölkədə avtoritarizmi gücləndirmək üçün kart-blanşa çevrilib. Bütün bu prosesin indi şahid olduğumuz mərhələsi isə cəmiyyətdəki mövqeyindən, ictimai-siyasi çəkisindən asılı olmayaraq, hakimiyyətin istənilən tənqidçisinə çəkinmədən fiziki zor tətbiq etmək, işgəncə verməkdir.

Demokratik dünya heç olmasa nəhayət indi öz dəyər və prinsiplərini Azərbaycanda da ciddi şəkildə qorduğunu göstərməli, Azərbaycan iqtidarını cəmiyyətlə münasibətlərini dünya qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun tərzdə qurmağa məcbur etməlidir.

Biz nəhayət, Azərbaycan xalqına çağırış edirik ki, ölkənin işıqlı gələcəyi, azad və demokratik dünyanın ayrılmaz bir parçasına çevrilməsi naminə indiki mərhələdə daha kütləvi şəkildə, daha çox təşkilatlanmaqla fəal vətəndaş mövqeyi ortaya qoymalı olduğumuzu bilməliyik. Biz indi elə çətin şəraitdəyik ki, bütövlükdə xalqımız və dövlətimiz üçün vazkeçilməz olan fundamental hüquq və azadlıqları bir və ya bir neçə qrup ictimai-siyasi fəalın mübarizəsi bərqərar edə bilməz. Daha geniş kütlələr dövlət və millət qarşısında vətəndaş məsuliyyətini anlamalı və bu işə bacardığı formada, imkanı çatan həddə qoşulub töhfə verməlidir".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun