'Etibar Məmmədova məxsus şirkət vətəndaşın evini qanunsuz olaraq söküb'

'Etibar Məmmədova məxsus şirkət vətəndaşın evini qanunsuz olaraq söküb'
6 Aprel 2022
Mətni dəyiş

Martın 6-sı vəkil Elçin Sadıqov sosial şəbəkə hesabında status yazaraq bildirib ki, Bakı Apellyasiya Məhkəməsi mülkiyyət işi üzrə təəccüblü qərar çıxarıb.

Vəkil “Azərbaycan məhkəmələrində korrupsiya yoxdur silsiləsindən seçmələr” başlığı ilə yazdığı statusda qeyd edib ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanova evi Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədova məxsus “Orxan TİT” MTK tərəfindən qanunsuz olaraq sökülən vətəndaşa qarşı qətnamə qəbul edib.

Onun sözlərinə görə, məhkəmənin bu qərarından sonra vətəndaş evsiz qalıb.

E.Sadıqov Abzas Mediaya deyib ki, “Möhsun Sənani küçəsi 5” ünvanında onlarla sakinin evi sökülüb, yerində bina tikilib.

“Şikayətçinin müraciəti çərçivəsində bundan əvvəl qərar çıxarılmışdı ki, ona 1 otaqlı ev verilsin. Ancaq martın 5-də Bakı Apellyasiya Məhkəməsi qərarı dəyişib, 28 kvadrat verilməsilə bağlı qərar çıxartdı. Hazırda həmin binada 28 kvadrat olan mənzil yoxdur”, - deyə Sadıqov bildirib.

Abzas Media məsələ ilə bağlı açıqlama almaq üçün AMİP-in lideri Etibar Məmmədovla əlaqə saxlasa da, açıqlama almaq mümkün olmayıb.

Ancaq AMİP-in Siyasi Şurasının üzvü Əli Orucov məsələ ilə bağlı açıqlama verib. Orucov bildirib ki, yayılan məlumatlar təxribatdır. Onun sözlərinə görə, AMİP-in lideri Etibar Məmmədova məxsus heç bir MTK yoxdur.

“Həmin şirkətin rəhbəri Etibar Məmmədov deyil. Şirkət Məmmədovun dostu Məhərrəm Həsənova aid olub. Onun oğlunun adı da Orxandır. Ancaq artıq Məhərrəm Həsənov rəhmətə gedib. İndi onları kimsə qızışdırıb, Etibar Məmmədovun adını hallandırırlar. Ancaq bu yanlış məlumatdır və təxribatdır”, - deyə AMİP-in Siyasi Şurasının üzvü Əli Orucov bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun