DTX: Güzəştli mənzil satışına xüsusi proqram vasitəsilə müdaxilə edənlər saxlanılıb

DTX: Güzəştli mənzil satışına xüsusi proqram vasitəsilə müdaxilə edənlər saxlanılıb
15 Aprel 2022
Mətni dəyiş

"Kompüter sistemlərinə və məlumatlarına qanunsuz müdaxilə edən şəxslər məsuliyyətə cəlb ediliblər"

Bu barədə məlumatı Dövlət Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi birgə yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi martın 3-də Yasamal rayonunda yerləşən 442 mənzilin güzəştli satışını həyata keçirərkən, kənardan müxtəlif şəxslər tərəfindən xüsusi proqram vasitəsilə müdaxilə edildiyi müşahidə edilib. Bundan sonra MIDA Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib.

Dövlət Təhlükəsizliyi Xidmətində ilkin araşdırmalar aparılaraq faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə cinayət işi başlanılıb.

"Müəyyən edilib ki, Azərbaycan Respublikası vətəndaşları Məmmədov Elçin Elman oğlu, Hacıyev Ruslan Afiz oğlu, Hüseynov Firudin İlqar oğlu, Lətifzadə Yunis İltimas oğlu, Abdullayev Tərlan Tahir oğlu və Məmmədov Cavid Fəhrad oğlu digərləri ilə əlbir olub ayrı-ayrı qruplar halında Mənzil İnşaatı Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan maddi maraq zəminində onlara müraciət etmiş şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini təmin etmək məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiq etməklə 30 mart tarixində “Güzəştli mənzil” informasiya sisteminə daxil olub və kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə hüququ olan vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşlar", - deyə məlumatda qeyd olunub.

Xidmət qeyd edib ki, həmin şəxslər Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb edilblər.

Məlumatda o da bildirilib ki, dövlət tərəfindən güzəştli mənzil satışı prosesinə kibercinayətlər yolu ilə və ya digər qanunsuz müdaxilə halları və belə əməllər nəticəsində vətəndaşların seçimindən yayındırılmış mənzillərə dair obyektiv hüquqi qiymət verilməsi təmin ediləcəkdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun