DSX: "Ermənistan ordusunun diversantı saxlanılıb"

DSX: "Ermənistan ordusunun diversantı saxlanılıb"
25 Aprel 2022
Mətni dəyiş

Aprel ayının 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərilmişdir. 

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzinin məlumatında bildirilir.

Dövlət Sərhəd Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində təxribat-diversiya qrupunun Azərbaycan Respublikasının ərazisinə keçməsinin qarşısı alınmış və diversantlar geri çəkilməyə məcbur edilmişlər. Bununla bərabər, Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin ölkələr arasında delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin aparılmasına qarşı yönəlmiş təxribat kimi dəyərləndirir.

Ermənistan tərəfinin təxribatı ilə bağlı Rusiya Federasiyasının Federal Sərhəd Xidmətinin Ermənistandakı sərhəd idarəsinin nümayəndələri məlumatlandırılmışdır.

Dövlət Sərhəd Xidməti bəyan edir ki, belə hal bir daha baş verərsə tərəfimizdən daha ciddi tədbirlər görüləcəkdir.-

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun