Dövlət Departamenti: ˝Azərbaycanda cəzasızlıq problemi var˝

Dövlət Departamenti: ˝Azərbaycanda cəzasızlıq problemi var˝
13 Aprel 2022
Mətni dəyiş
2020-ci ildə Azərbaycanla Ermənistan arasında 44 günlük döyüşlər atəşkəslə bitəndən sonra iki ölkənin delimitasiya olunmamış sərhədi boyunca sporadik zorakılıqlar itkilər və saxlanmalarla nəticələnib. ABŞ Dövlət Departamentinin aprelin 12-də açıqladığı dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatında belə deyilir. Hesabatda qeyd olunur ki, Azərbaycanın və etnik erməni qüvvələrinin qanunsuz qətllər, işgəncə, digər qəddar, qeyri-insani, alçaldıcı hərəkətlərinə dair etibarlı məlumatlar var. Bu halların 2020-ci ildəki müharibə vaxtı və ondan sonra qeydə alındığı bildirilir. Azərbaycan 2020-ci ildə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Amma qoşunların təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib. Dövlət Departamenti yada salır ki, Azərbaycan və Ermənistan müharibədə törədilmiş qəddarlıqlarla bağlı bir-birini Avropa İnsan Haqları Məhkəməsinə veriblər və məhkəmənin qərarını gözləyirlər. “Azərbaycan hökuməti 41 ermənini saxladığını etiraf edir, ancaq azı 25 erməni hərbçinin saxlandıqdan sonra yoxa çıxması iddiaları var, Azərbaycan hökuməti bu iddiaları mübahisələndirir. Ermənistanlı saxlananların məhkəmə zamanı öz qanuni təmsilçisini seçməsinə icazə verilməyib”, – hesabatda deyilir. Qurum 1995-ci ildən bəri Dağlıq Qarabağın statusunun ATƏT-in Minsk qrupunun vasitəçiliyinin subyekti olduğu qeyd edilir. Azərbaycan Prezidenti İlham Əliyev isə müharibə bitəndən sonra Dağlıq Qarabağ münaqişəsinin, status məsələsinin artıq tarixdə qaldığını dəfələrlə vurğulayıb. Dövlət Departamenti Azərbaycanda baş verən hüquq pozuntularını belə sıralayır: qanunsuz qətllər; təhlükəsizlik qüvvələrinin yol verdiyi işgəncə, qəddar, qeyri-insani, alçaldıcı davranış; ağır, bəzən həyata təhlükə yaradan həbsxana şəraiti; qanunsuz həbslər; siyasi məhbuslar; ölkədən kənarda yaşayanlara qarşı siyasi motivli qisasçılıq; məhkəmənin müstəqillik problemləri; gizliliyə qanunsuz müdaxilə; münaqişə zamanı ciddi pozuntular, o cümlədən məcburi yoxaçıxma, işgəncə və digər fiziki zorakılıq halları; azad ifadə və mediaya ciddi məhdudiyyətlər, jurnalistlərə qarşı zorakılıq, böhran və təhqirin kriminallaşdırılması, jurnalistlərin mübahisəli ittihamlarla təqibi və həbsi; internet azadlığına ciddi məhdudiyyətlər, vebsaytların bloklanması; dinc toplaşma azadlığına de fakto qadağa, birləşmə azaldığına əsaslı müdaxilə; hərəkət azadlığına məhdudiyyətlər; siyasi iştiraklılığa sərt qadağalar; hökumət səviyyəsində sistematik korrupsiya; fərdlərə qarşı seksual oriyentasiyasına görə polis qəddarlığı; işçilərin birləşmə azadlığına ciddi məhdudiyyətlər; uşaq əməyinin ən pis formalarda mövcud olması. Hesabatda deyilir ki, hökumət insan haqları pozuntularına, yaxud korrupsiyaya yol verən məmurların əksəriyyətini mühakimə etməyib, cəzalandırmayıb; ölkədə cəzasızlıq bir problem kimi qalır. Azərbaycan hakimiyyəti bu hesabata, hələlik, münasibət açıqlamayıb. Ancaq indiyədək beynəlxalq qurumların oxşar iradları rədd edilib, ölkədə bütün hüquq və azadlıqların qorunduğu bildirilib. Dünyadakı vəziyyətə gəlincə, ABŞ qlobal “geriləmə” tendensiyası ilə bağlı xəbərdarlıq edir. Dövlət katibi Entoni Blinken hesabatı təqdim edərkən son bir ildə dünyanın bir çox yerlərində demokratiya və insan haqlarına sayqı məsələsində “narahatedici geriləmə” ilə bağlı xəbərdarlıq edib, tənqidçilərini hədələyən və hücum edən hökumətlərin “daha həyasızcasına” sərhədləri aşmadığını vurğulayıb. Blinken Rusiyanın Ukraynaya qarşı qəddar müharibəsində bu geriləmənin insanlar üçün nəticələrinin ağır olduğunu qeyd edib. “Hökumətlər daha çox tənqidçilərini ölkəyə qapadırlar... Hökumətlərin ikitərəfli münasibətlərdə təsir imkanı əldə etmək, insan girovu kimi istifadə etmək üçün fərdləri qanunsuz saxlama hallarının artdığını görürük”, – o əlavə edib. Blinken Çini insan haqları pozuntularına görə tənqid edib, uyğur müsəlmanlara qarşı “soyqırımı”nda suçlayıb. Əfqanıstanda isə Taliban ötən ilin avqustunda hakimiyyəti ələ keçirəndən “qadınların, etirazçıların və jurnalistin qanunsuz saxlanması” hallarını artırır, o deyib. Hesabat dünyanın 200-dək ölkəsində insan haqlarının vəziyyətini əhatələyir. Blinken Birləşmiş Ştatların da insan haqları məsələsində “çağırışlar”la üzləşdiyini deyib. Amma o, insan haqları təşkilatlarının Prezident Co Bayden administrasiyasının ABŞ-ın müttəfiqlərinə yetərincə təzyiq göstərə bilməməsi haqda tənqidlərini rədd edib. O, bütün ölkələrə eyni meyarla, “təməl insan haqları prinsipi” ilə yanaşdıqlarını vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun