Deputat: 'Sputnik agentliyi Azərbaycanda fəaliyyətini dayandırmalıdır'

Deputat: 'Sputnik agentliyi Azərbaycanda fəaliyyətini dayandırmalıdır'
26 Aprel 2022
Mətni dəyiş

Millət vəkili Vahid Əhmədov "Sputnik-Azərbaycan" agentliyinin fəaliyyətinin dayandırılmalı olduğunu deyib. 

O, bu barədə parlamentin bu gün keçirilən iclasında danışıb. Əhmədov bildirib ki, bununla bağlı müvafiq qurumlara müraciət edib.

“Azərbaycanda da “Sputnik-Azərbaycan" informasiya agentliyi fəaliyyət göstərir. Hesab edirəm ki, bu agentlik Azərbaycanda fəaliyyətini dayandırmalıdır. Mən bununla bağlı MEDİA və Mətbuat Şurasına müraciət edirəm ki, həmin agentliyin fəaliyyəti araşdırılsın”, - deyə deputat bildirib.

Bundan əvvəl AbzasMedia bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və Medianın İnkişafı Agentliyinə (MEDİA) informasiya sorğusu ilə müraciət edib.

'Saytların məhdudlaşdırılması müvafiq qanunvericiliklə tənzimlənir'

İnformasiya sorğusunda qeyd edilib ki, Azərbaycanın haqqin.az, virtual.az, minval.az, musavat.com, oxu.az və baku.ws saytaları Rusiya ərazisində bloklanıb. "Media haqqında" qanunun 11.4-cü maddəsində qeyd olunur ki, Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər. Bu istiqamətdə addımlar atmağı düşünürsünüzmü?

Media İnkişafı Agentliyi sorğuya cavabda qeyd edib ki, qurumun belə bir səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə qeyd edib ki, saytların məhdudlaşdırılması müvafiq qanunvericiliklə tənzimlənir.

"Həmin resurslarda Azərbaycanın mənafeyinə, ərazi bütövlüyünə zidd, qanunvericiliyə uyğun olmayan məlumatlar yayımlandığı halda onların fəaliyyətilə bağlı müvafiq tədbirlər görülə bilər", - deyə nazirlik cavabda qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun