Avstriya kansleri Karl Nehammer aprelin 11-də Rusiyada səfərdə olub. O, prezident Putinlə təkbətək görüş keçirib.
Kansler görüşlə bağlı mətbuata açıqlamasında bildirib ki, orada həm Ukrayna ətrafındakı siyasi vəziyyət, həm də humanitar vəziyyət müzakirə edilib. Putinə prezident Zelenskinin görüş təklifini çatdıran Nehammer onun buna reaksiya vermədiyini bildirib.
Kansler deyib ki, Putinlə Buçada baş verənlərlə bağlı danışanda aralarında mübahisə yaranıb.
"Mən Putinə dost olaraq yox, gözünün içinə baxaraq Buçada gördüklərimi danışmaq üçün getmişdim həm də. Danışanda mübahisə yarandı, Putin təkidlə Buçada olanlara görə Ukraynanı ittiham etdi. O, beynəlxalq hüquqa inanmır", - deyə kansler bildirib.
Karl Nehammer əlavə edib ki, o, görüşdən heç bir müsbət təəssürat almayıb.