ABŞ Prezidenti Co Bayden cümə axşamı Konqresdən Ukraynaya müharibənin növbəti beş ay ərzində Rusiyanın işğalı ilə mübarizəyə yardım üçün daha 33 milyard dolların təsdiqləməsini istəyib.
Baydenin televiziya ilə planı açıqlamasından bir müddət əvvəl Ağ Ev bildirib ki, bu xərclərə 20 milyard dollardan çox yeni silah və hərbi yardım, 8,5 milyard dollar iqtisadi yardım və 3 milyard dollar Rusiyanın iki ay əvvəl işğal etdiyi ölkəyə humanitar yardım daxildir.
Bu, Konqresin təsdiq etdiyi 13,6 milyard dollardan iki dəfə çoxdur və bu məbləğ əsasən son həftələr Ukraynaya silah göndərməklə tükənib.
Yeni təklifə, həmçinin xarici korrupsiya ilə əlaqəli aktivlərin qaytarılması üçün beynəlxalq tərəfdaşlarla daha sıx işləmək və çirkli pulların yuyulması ilə bağlı təqiblərin davam etdirilməsi müddətinin 5 ildən 10 ilə qədər uzadılması daxildir.
Ağ Evin bəyanatında deyilib ki, bu tədbirlər ABŞ hökumətinin Rusiya hökumətini və Rusiya oliqarxlarını prezident (Vladimir) Putinin Ukraynaya qarşı müharibəsinə görə məsuliyyətə cəlb etmək səlahiyyətini artıracaq.
Rusiya Ukraynanın şərqinə yeni hücumlar həyata keçirdiyi bir vaxt BMT-nin Baş katib Antonio Quterreş Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən əvvəl paytaxt Kyivə və şəhərin Moskvanın hücumları nəticəsində dağılmış ətraf qəsəbələrinə səfər edib.
Quterreş Borodianka və İrpini, eləcə də bir ay əvvəl Rusiya qüvvələrinin ərazidən çəkilməsindən sonra mülki şəxslərin cəsədlərinin tapıldığı Buçanı gəzərkən "ən yüksək qiyməti mülki əhali ödəyir" deyib.
Bu görüntülər mümkün müharibə cinayətlərinin araşdırılması üçün çağırışlara səbəb olub və cümə axşamı Quterreş Rusiyanı Beynəlxalq Cinayət Məhkəməsinin araşdırmalarında əməkdaşlığa çağırıb.
"Mən Beynəlxalq Cinayət Məhkəməsini tam dəstəkləyirəm və Rusiya Federasiyasına Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq etməsi üçün müraciət edirəm. Lakin biz müharibə cinayətlərindən danışanda unutmamalıyıq ki, cinayətlərin ən pisi müharibənin özüdür", Quterreş bildirib.
BMT-nin Baş katibi Ukraynaya getdikdən sonra deyib ki, o, "humanitar dəstəyi genişləndirmək və mülki əhalinin münaqişə zonalarından təxliyəsini təmin etmək" istəyir. Bu mövzular onun həftənin əvvəlində Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla danışıqlarının bir hissəsi olub.