16 Aprel 2022
Mətni dəyiş
Rusiya hakimiyyəti Britaniya hökumətinin üzvləri, o cümlədən baş nazir Boris Consonun ölkəyə girişinə qadağa qoyub.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, bu qərar “Britaniya hökumətinin görünməmiş düşmənçilik hərəkətləri, xüsusən də Rusiya Federasiyasının yüksək vəzifəli şəxslərinə qarşı sanksiyaların tətbiqi ilə əlaqədar” qəbul edilib.
˝Əsas vəzifəsi ölkəmizə qarşı mənfi münasibət oyatmaq, ikitərəfli əlaqələri demək olar ki, bütün sahələrdə məhdudlaşdırmaq olan Britaniya hakimiyyətinin rusofob kursu öz sakinlərinin rifahına və maraqlarına xələl gətirir. İstənilən sanksiya cəhdi istər-istəməz onların təşəbbüskarlarını vuracaq və qəti cavab alacaq˝.
Rusiya Federasiyasına giriş qadağası 13 nəfərə, o cümlədən ədliyyə, müdafiə, maliyyə, xarici və daxili işlər nazirlərinə, həmçinin keçmiş baş nazir, hazırda parlament üzvü olan Tereza Meyə şamil edilir.
Böyük Britaniya Rusiyanın Ukraynaya müdaxiləsindən sonra rusiyalı siyasətçilər, iş adamları və dövlət mediasının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib. Böyük Britaniya həmçinin Rusiya Federasiyasına qarşı sektoral sanksiyalar qəbul edib ki, bu da əsasən ABŞ, Avropa İttifaqı və bir sıra digər ölkələrin qəbul etdiyi məhdudlaşdırıcı tədbirlərlə üst-üstə düşür.