20 Aprel 2022
Mətni dəyiş
Böyük Britaniyanın baş naziri Boris Conson Moskvanı Mariupoldakı britaniyalı əsirlərlə “mərhəmətlə davranmağa” çağırıb. Bu barədə TASS məlumat yayıb.
Baş nazir bu barədə Britaniya parlamentinin İcmalar Palatasının deputatları qarşısında çıxışı zamanı müvafiq bəyanatla çıxış edib.
Consonun sözlərinə görə, britaniyalı Pinner və Eslin muzdlular deyil, Ukrayna silahlı qüvvələrinin üzvləri olub.
Buna baxmayaraq, baş nazir vurğulayıb ki, London Britaniya vətəndaşlarının hərbi əməliyyatlarda iştirak etmək üçün Ukraynaya getmələrinin əleyhinədir.
Qeyd olunur ki, siyasətçi əsir götürülən Britaniya vətəndaşlarının mümkün mübadiləsindən danışmayıb.
Bundan əvvəl Böyük Britaniyanın Şimali İrlandiya üzrə naziri Brendon Lyuis demişdi ki, Britaniya hökuməti Mariupolda əsir götürülən britaniyalılar Şon Pinner və Eyden Eslinlə bağlı vəziyyətin inkişafını xüsusilə diqqətlə izləyir. Eyni zamanda, Lyuis Londonun Britaniya subyektlərinin mübadiləsi ilə bağlı danışıqlarda iştirak edib-etməməsi sualına birbaşa cavab verməyib, lakin qeyd edib ki, Britaniya onların Kiyevdə həbs edilən Viktor Medvedçukla mübadilə edilməsini müzakirə etməyi belə düşünmür. Hərçənd əsir götürülən ingilislər özləri bu barədə Londondan xahiş etmişdilər.
Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Britaniya hakimiyyəti Ukraynada əsir götürülmüş britaniyalı muzdluların azad edilməsinə kömək etməkdən imtina edib.