13 Aprel 2022
Mətni dəyiş
ABŞ prezidenti Co Bayden Rusiya hərbçilərinin Ukraynadakı hərəkətlərini ilk dəfə olaraq “soyqırım” adlandırıb.
“Mən bunu soyqırım adlandırdım, çünki getdikcə daha aydın olur ki, Putin sadəcə olaraq ukraynalı ola biləcəyi fikrini belə yer üzündən silməyə çalışır. Rusların Ukraynada törətdiyi sözün əsl mənasında dəhşətli şeylərə dair getdikcə daha çox sübutlar ortaya çıxır”, o, Ayova ştatında jurnalistlərə deyib.
Eyni zamanda o, əlavə edib ki, Ukraynada baş verənlərin hüquqi baxımdan soyqırım kimi qiymətləndirilməsinin mümkün olub-olmaması ilə bağlı qərarı beynəlxalq səviyyədə hüquqşünaslar verməlidir.
Jurnalistlər Fransa prezidenti Emmanuel Makrondan ABŞ prezidenti Co Bayden kimi Rusiya ordusunun Ukraynadakı hərəkətlərini soyqırım adlandıra biləcəyini soruşublar.
"Bu gün mən belə ifadələrlə ehtiyatlı davranardım, çünki bu iki xalq qardaşdır... Mən mümkün qədər bu müharibəni dayandırmaq və sülhü bərpa etmək üçün cəhdləri davam etdirmək istəyirəm. Belə ritorikanın artmasının bu işə xidmət etdiyinə əmin deyiləm", fransalı prezident deyib.
Eyni zamanda, Makron hesab edir ki, "vəziyyət qəbuledilməzdir" - və "Avropa torpaqlarında görünməmiş hərbi cinayətlər baş verir".
Ukrayna prezidenti Vladimir Zelenski Baydenin bəyanatına reaksiya verib. O, tvitində "Şərə qarşı müqavimət göstərmək üçün hər şeyi öz adı ilə çağırmaq lazımdır" deyib.