'Baku' jurnalının direktoruna Rusiyada cinayət işi açılıb

'Baku' jurnalının direktoruna Rusiyada cinayət işi açılıb
27 Aprel 2022
Mətni dəyiş

Rusiyada “Kim? Harada? Nə vaxt?” intellektual oyunun tanınmış azərbaycanlı iştirakçısı, 'Baku' jurnalının direktoru Rövşən Əsgərovun barəsində nasizmin bərpa olunması ittihamı ilə cinayət işi başlanıb.

Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, Rövşən Əsgərova qarşı sosial şəbəkələrdəki paylaşımlarına görə nasizmin reabilitasiyası ilə bağlı cinayət işi açılıb.

“Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rövşən Əsgərova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi (Nasizmin reabilitasiyası) ilə başlanmış cinayət işini araşdırır”, - məlumatda qeyd olunub.

Rusiya Federasiyasının İstintaq Komitəsi müəyyən edib ki, Əsgərov aprelin 6-dan gec olmayaraq “Facebook” sosial şəbəkəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan yalan məlumatlar dərc edib.

49 yaşlı Rövşən Əsgərov Azərbaycan və Rusiya vətəndaşıdır, əsasən Moskvada yaşayır. 2009-cu ildən “Baku” jurnalının direktorudur. Jurnalın baş redaktoru Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun