Bəxtiyar Hacıyevin oğurlanması ilə bağlı cinayət işi başlanıb

Bəxtiyar Hacıyevin oğurlanması ilə bağlı cinayət işi başlanıb
26 Aprel 2022
Mətni dəyiş

İctimai fəal Bəxtiyar Hacıyevin aprelin 21-də küçədən oğurlanması və təzyiqi ilə bağlı cinayət işi açılıb. 

Bu barədə Bəxtiyar Hacıyevin özü məlumat yayıb. Fəalın sözlərinə görə, onu bu gün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəsisi qəbul edib:

"Mənə qarşı törədilmiş cinayətdən 4 gün keçib, məsələ nazirin nəzarətindədir, bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi qəbul edib, CM-nin 221.2.1 (xuliqanlıq) maddəsilə cinayət işi açılıb".

Lakin o araşdırmanın nəticələrinə şübhə ilə yanaşdığını deyir. "Günün böyük hissəsinin kağız-kuğuz, sənəd-sünəd, ərizə-izahat, "özüm yazmışam, imzamla təsdiq edirəm" kimi sovet dövründən qalma formallığına sərf olunması, yalnız 17:00 radələrində hadisənin baş verdiyi əraziyə baxış keçirilməsi məndə belə təəssürat yaradır ki, bu da əvvəlki "araşdırmalar" kimi nəticələnəcək".

B.Hacıyev hələ də təhlükəsizlik kameralarında görüntünün olmamasını qeyd edib. "Sabah 5 gün keçəcək, hələ istintaqda kamera görüntüləri olmayacaq. DİN daxilində bir qurum digərinə sorğu göndərib, cavab gözləyəcək. 5 saat istintaqa kömək üçün vaxt sərf etmişəm, hələ ki, əldə bu gün çəkilən 5-6 fotodur. Əsas odur ki, "ərizə-izahat" sənədləşməsi yerində olsun. Hər halda mənim xüsusi bir qeyri-adi gözləntim yoxdur ki, operativ və obyektiv araşdırma gedəcək. Ancaq hər halda yenə də xatırladım ki, bu cinayətin açılması DİN və nazir üçün şərəf məsələsi olmalıdır. Ona qarşı atılmış addımdırsa, özü maraqlı olmalıdır açılmasında".

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Turana bildirib ki, hazırda həmin məsələ ilə bağlı Bəxtiyar Hacıyevin bildirdiklərindən başqa hər hansı yeni məlumat yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun