Avropa Şurasının hesabatı: Azərbaycan hökuməti hələ də mediaya nəzarət edir

Avropa Şurasının hesabatı: Azərbaycan hökuməti hələ də mediaya nəzarət edir
27 Aprel 2022
Mətni dəyiş
Avropa Şurasının Jurnalistikanın Qorunması və Jurnalistlərin Təhlükəsizliyinin Təbliği Platforması aprelin 27-də “Gərginlik və münaqişə vaxtı mətbuat azadlığının qorunması” adlı hesabat yayımlayıb. Hesabatda bildirilir ki, Azərbaycan hökuməti hələ də mediaya nəzarət edir. Bu, müstəqil mediaya təzyiq, digərlərilə yaxşı münasibət qurmaq şəklində özünü göstərir. Qeyd edilir ki, nəticədə hökumətin yanında olan media sistemi formalaşır. Həmin media qurumlar hökumətin ideya və informasiyasını yayır. Yerdə qalan müxalif və müstəqil media isə sıradan çıxarılır. Azərbaycan rəsmiləri isə daim açıqlamalarında ölkədə medianın müstəqil olduğunu bildirir. Beynəlxalq media və insan haqları təşkilatları isə daim hesabat və açıqlamalarında əksini söyləyir. Üstəlik, bu ilin əvvəlində qüvvəyə minmiş yeni “Media haqqında” Qanunun sırf müstəqil media və jurnalistlərin işlərinə əngəl törətmək məqsədi daşıdığını deyirlər. Sənəddə qeyd edilir ki, ötən il dekabrın sonunadək Avropa Şurasına üzv ölkələrin ərazisində 56 jurnalist və media işçisi həbsdə olub. Onların arasında 4 azərbaycanlı jurnalistin də adı var. Onlar Əfqan Sadıqov, Aslan Qurbanov, Elçin Məmməd və Polad Aslanovdur. Jurnalistlər və ailə üzvləri açıqlamalarında gördükləri işə görə hədəfə alındıqlarını bildirsələr də, hökumət nümayəndələri əksini deyirlər. Onlar bildirirlər ki, Azərbaycanda jurnalistlər işlərinə görə yox, əməllərinə görə cəzalandırıla bilərlər. Hesabatda qeyd edilir ki, Rusiya, həmçinin Rusiya tərəfindən qanunsuz ilhaq olunmuş Krım yarımadası, Türkiyə və Böyük Britaniyada da həbsdə olan jurnalistlər var. “Avropa Şurasının üç üzvü – Azərbaycan, Macarıstan və Polşa mətbuata qarşı “Pegasus” izləmə proqramından istifadə edib”, – hesabatda bildirilir. 2021-ci il iyulun 18-də Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) dərc etdiyi araşdırmada bildirilir ki, Azərbaycan hökuməti də jurnalistlərə, siyasətçilərə və vətəndaş cəmiyyəti fəallarına qarşı İsrailin kiber-izləmə qurğularını istehsal edən “NSO Group” şirkətinin casus proqramından istifadə edib. Sızdırlan şübhəli hədəflər siyahısında 200-dən çox şəxsin adı hallanırdı. Hakimiyyət bu iddiaları cavablandırmayıb. Hesabatda ötən il həlak olan jurnalistlər arasında Azərbaycanda minaya düşən AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun adları da çəkilir. Onlar iyunun 4-də Kəlbəcər rayonunda minaya düşərək həlak olublar. Azərbaycan 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənmə prosesi bu gün də davam edir. Təkcə Azərbaycan hökuməti mediaya güclü nəzarət etmir. Hesabatda qeyd edilir ki, Türkiyə, Rusiya Federasiyasının rəhbərləri də illərdir bu yola əl atıblar. Onların getdiyi yolu indi Macarıstan, Sloveniya və Polşa kimi digər üzv ölkələr də mənimsəyib. Bu ölkələr də medianı nəzarətdə saxlamağa cəhd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun