5 Aprel 2022
Mətni dəyiş
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen müharibə cinayətlərini sənədləşdirmək üçün Ukraynaya birgə istintaq qruplarının göndərildiyini açıqlayıb. O, bu barədə Tvitterdə yazıb.
"Mən prezident Zelenski ilə Buçada və Ukraynanın başqa yerlərində dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı danışdım. Avropa İttifaqı Ukraynanın Baş Prokuroru ilə koordinasiya əsasında hərbi cinayətləri sənədləşdirmək üçün birgə istintaq qruplarını göndərməyə hazırdır", - Ursula fon der Leyen deyib.
https://twitter.com/vonderleyen/status/1510964491378384898?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1510964491378384898%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.currenttime.tv%2Fa%2Feu-ukraine%2F31785442.html
Aprelin 3-də səhər saatlarında jurnalistlər və Ukrayna rəsmiləri Kiyevin şimal-qərbində yerləşən Buça şəhərinin küçələrində onlarla insanın öldüyü barədə məlumat veriblər. Ötən gün Rusiya ordusunun çıxarılmasından sonra Ukrayna qoşunları şəhərə daxil olublar. Rusiya Müdafiə Nazirliyi Kiyev yaxınlığındakı Buçada öldürülən mülki vətəndaşların fotoşəkilləri və videolarını "daha bir təxribat" və "Kiyev rejiminin Qərb mediası üçün səhnələşdirməsi" adlandırıb.
˝Human Rights Watch˝-da Avropa və Mərkəzi Asiya ölkələrinə nəzarət edən Hyu Uillyamson BBC-yə bildirib ki, onların sənədləşdirdiyi hallar “Ukraynanın mülki əhalisinə qarşı inanılmaz qəsdən vəhşiliyi açıq şəkildə nümayiş etdirir”.
Aİ “Rusiya silahlı qüvvələrinin Ukraynanın bir sıra şəhərlərində törətdiyi vəhşiliyi pislədiyini” bildirib. Açıqlamaya görə, bu qətllərə görə Rusiya hakimiyyəti məsuliyyət daşıyır, çünki bu qətllər Rusiya qüvvələrinin bu ərazilərə nəzarəti altında olduğu müddətdə törədilib və beynəlxalq işğal hüququna tabedir.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Beynəlxalq Cinayət Məhkəməsini Buçaya missiya göndərməyə çağırıb. “Mən Beynəlxalq Cinayət Məhkəməsini və beynəlxalq təşkilatları Ukrayna hüquq-mühafizə orqanları ilə əməkdaşlıqda Rusiyanın hərbi cinayətlərinə dair bütün sübutları mümkün qədər hərtərəfli toplamaq üçün Buçaya və Kiyev vilayətinin azad edilmiş digər şəhər və kəndlərinə öz missiyalarını göndərməyə çağırıram", Kuleba deyib.
Ukrayna Prezidenti Vladimir Zelenski aprelin 4-də Buça şəhərinə səfər edib. Jurnalistlərə müsahibə verən Zelenski Rusiyanın Ukraynada hərbi cinayətlər və soyqırım törətdiyini deyib. Eyni zamanda o, hələ də Rusiya ilə sülh danışıqlarının tərəfdarı olduğunu bildirib: “Biz diplomatik və hərbi səylərimizi davam etdirəcəyik”.